Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən ABŞ dövlət katibi Antonio Blinkenlə keçirdiyi mətbuat konfransında İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsindən də danışıb. O bildirib ki, bu məsələdə bütün tərəflərin konktet öhdəlikləri var.
Finlandiya ilə daha az problemin olduğunu xatırladan Çavuşoğlu söyləyib ki, İsveç hələ terroru dəstəkləyir: “İsveç hələ də terroru dəstəkləyir. Bu cür addımlar İsveçin NATO-ya üzvlüyünün qarşısını alır. İsveç istəsə, belə addımlara yol verilməsinə mane ola bilər. Hər halda İsveç bu istiqamətdə nə qədər sürətli addım atsa, Alyansa üzvlüyü də bir o qədər sürətli olar".
M.Çavuşoğlunun sözlərinə görə, Finlandiya ilə bağlı fərqli addımlar atıla bilər.
Helsinki və Stokholmun NATO-ya üzvlüyü məsələsi əslində kifayət qədər mürəkkəbdir. İş orasındadır ki, bu dövlətlər Alyansa üzv olmaqla hər şeydən əvvəl öz təhlükəsizliklərini təmin etmək istəyirlər. Həmçinin ABŞ başda olmaqla əksər NATO üzvü də bu qurumun genişlənməsində maraqlıdır. Bunun iki səbəbi var: Birincisi, İsveç və Finlandiyanın timsalında Alyans daha güclü ola bilər. İkincisi, bu dövlətlər vasitəsilə Rusiyaya təzyiqlər artırılacaq.
Rusiya isə NATO-nun genişlənməsindən narahatdır. Çünki bunu öz təhlükəsizliyinə təhdid kimi görür. Nəzərə almaq lazımdır ki, şərqi Avropada müharibənin başlanmasının əsas səbəbi Ukraynanın Alyansa üzvlük cəhdləri olmuşdu. Deməli, Qərb müttəfiqləri İsveç və Finlandiya “kartı” ilə Rusiyanı daha da qıcıqlandıra bilər.
Ankara Stokholm və Helsinkinin NATO-ya üzvlüyü məsələsinə ehtiyatla yanaşır. Bunun birinci səbəbi, xüsusilə İsveçin terrorçuları dəstəkləməsidirsə, ikincisi Moskva ilə olan münasibətlərdir. Belə ki, Ankaranın Stokholm və Helsinkinin Alyansa üzvlüyünə razılıq verməsi Moskva ilə münasibətlərin pisləşməsi ilə nəticələnə bilər. Bu, indiki halda Türkiyənin maraqlarına uyğun deyil. Ona görə də Ankara hələ tələsmir.
Əlbəttə, terrorçuların Türkiyəyə qaytarılması təkcə İsveç hakimiyyətindən asılı deyil. İqtidar, bəlkə də, bunda maraqlıdır. Amma müxtəlif qüvvələr təxribatlar törətməklə Stokholmun NATO- ya gedən yolunu bağlayırlar. Nəzərə almaq lazımdır ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü istəyən Qərb, o cümlədən ABŞ Türkiyənin terrorla bağlı təhlükəsizlik qayğılarını lazımi səviyyədə nəzərə almır. Əksinə, ABŞ lazım gələndə terrorçulardan Türkiyə əleyhinə istifadə edir. Bu dövlət Türkiyənin təhlükəsizlik qayğılarını nəzərə alsa idi, terrorçuların qaytarılması üçün İsveçə təzyiq göstərərdi. Deməli, Qərb sözügedən məsələdə ikili standartlardan çıxış edir.
Namizəd dövlətlərin, xüsusilə İsveçin yaxın vaxtlarda NATO- ya üzvlüyü real görünmür. Yəqin ki, Türkiyə bunun üçün Rusiya - Ukrayna müharibəsinin bitməsini gözləməyə çalışacaq. Türkiyə İsveç və Finlandiyanın Alyansa üzvlüyünə razılıq vermədiyinə görə qınaq obyektinə çevrilə bilməz. Çünki bunun üçün kifayət qədər ciddi əsası var. Ankara onun təhlükəsizliyini nəzərə almayan dövlətlərlə müttəfiq olmaq istəmir.
Gələcəkdə Finlandiya və İsveçin NATO- ya üzvlüyü məsələsinin ayrı - ayrılıqda müzakirə olunması mümkündür. Fikrimcə, proses buna doğru gedir.
Siyasi şərhçi Kənan Novruzov,
Xüsusi olaraq Sitat.info üçün...