Bu universitetin 3500 tələbəsinin diplomu tanınmır: QMİ və Təhsil Nazirliyinə şikayət var...

13:58 27 Fevral 2023

Məlum olduğu kimi, bu gün din sahəsində dövlət yeni islahat prosesi başladıb və bunun da əsas məqsədi bu sahəni xarici təsirlərdən qorumaqdır.  O baxımdan daha çox Azərbaycanda təhsil almış din xadimlərinin təyinatına üstünlük verilir. Lakin müstəqilliyin ilk illərində Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılmış Bakı İslam Universitetinin 3500-dən çox məzunu diplomlarını Təhsil Nazirliyində rəsmi şəkildə təsdiqlədə bilmirlər. Azərbaycanın din sektorunda böyük bir qrup, potensial din xadimləri məhz bu baxımdan kənarda qalıb. 

Belə ki, 2002-ci ildə fəaliyyətə başlayan Bakı İslam Universitetinə 2009-cu ildə Təhsil Nazirliyi tərəfindən lisenziya verilib. Bundan sonra universiteti 2009-cu ildən öncə bitirənlərin diplomlarının təsdiqlənməsinə başlanılıb və 2009-cu ildən geriyə doğru proses həyata keçirilib. Lakin proses yarıda dayandığından 2002-2005-ci illərdə təhsil alanlar diplomlarını təsdiqlədə bilmirlər. 3500-dən çox tələbədən bir neçəsi fərdi qaydada məhkəməyə müraciət edərək diplomunun təsdiqlənməsinə nail olub. Digər müraciət edənlərə isə Təhsil Nazirliyindən cavab verilib ki, bu məsələ gündəmdədir. Ancaq hələ də bu qədər ali təhsilli kadr diplomun təsdiqlənməməsi səbəbindən kənarda qalıb. 

Onlar bu barədə Sitat.info-ya şikayət ediblər. 

Məsələ ilə bağlı müraciət etdiyimiz millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov  SİTAT. İNFO-ya açıqlamasında bildirdi ki, bu problemin həlli labüddür: "Bu məsələni həm mətbuatda, həm də parlament iclasında bir neçə dəfə qeyd etmişəm. Mən hesab edirəm ki, bu insanların hüquqları təmin olunmalıdır. Bu gün 3000-4000 tələbə heç bir yerdə işləyə bilmir, dövlət qulluğuna qəbul edilmirlər. Elmi fəaliyyətlərini davam etdirə bilmir, magistratura və doktoranturaya da qəbul oluna bilmirlər. Hesab edirəm ki, bu problemin həlli labüddür". 

Deputat eyni zamanda qeyd edib ki, bu insanlar 4 il təhsil alıblar, təhsil haqqı veriblər: "Onlara deyilib ki, narahat olmayın diplomlarınız tanınacaq, amma bu gün bu insanlara deyilir ki, sizin diplomlarınızın tanınması mümkün deyil. Bu da təbii ki, insanlarda haqlı olaraq narazılıq və suallar yaradır. Bu baxımdan düşünürəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm Qafqaz Müsəlmanlar İdarəsi, həm də Elm və Təhsil Nazirliyi bu məsələnin həlli istiqamətində müəyyən addımlar atmalıdırlar, yəni əgər bu diplomların arasında konkret olaraq problem varsa, kimlərləsə, nə iləsə bağlı çatışmazlıq varsa, buna fərdi formada yanaşıla bilər".

Ceyhun Məmmədov son olaraq vurğuladı ki, bu insanların diplomlarının tanınmaması həmin insanları dövlətdən narazı salır, əlavə gərginlik yaradır.

O, həmçinin bunu da qeyd etdi ki, tez bir zamanda bu məsələ öz həllini tapmalı və bu istiqamətdə konkret addımlar atılmalıdır.

Qeyd edək ki, bu məsələ Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Hökumət müracətə cavab olaraq bildirib ki, 2009-cu ilə qədər Bakı İslam Universitetində (BİU) lisenziya olmadan fəaliyyət göstərib.

BİU-ya və universitetin respublikanın bir neçə regionunda fəaliyyət göstərən şöbələrinə tələbə qəbulu universitet tərəfindən, mövcud təsnifatda olmayan (axund, imam, islamşünas, şəriət müəllimi) ixtisası üzrə aparılıb. Məzunlara dövlət nümunəli olmayan diplomlar verilib.

 

Bu səbəbdən BİU-ya və universitetin respublikanın bir neçə regionunda fəaliyyət göstərən şöbələrinə qəbul olunmuş və təhsilini başa vuraraq dövlət nümunəli olmayan diplom almış şəxslər məsələnin hüquqi müstəvidə həll edilməsi üçün aidiyyəti məhkəmə orqanlarına müraciət edə bilərlər.

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti