"Şəxsi təcrübəm göstərir ki, koronavirusun ürək xəstəliklərinə hər hansı xüsusi bir təsiri yoxdur. Bütün insanlarda ürək xəstəliyi daha əvvəl necə idisə, hazırda da eyni qaydada irəliləyir. Kəskin koronavirus dövründə isə yaşlı insanlarda və ürək xəstəliyi olan şəxslərdə ağırlaşmalar olmuşdu və ola bilər. Lakin bunu kütləvi əhaliyə şamil edib onları panikaya salmağa ehtiyac yoxdur. Koronavirus öz erasını yaşadı və hazırda adi qrip virusu kimidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında tanınmış kardioloq İdris Xəlilov deyib.
O bildirib ki, ürəktutmalarının sayında artım yoxdur: "
"Bir çoxları yazırlar ki, qəfil ürəktutmalarının sayı artıb. Mən bunu təsdiqləmirəm. Qəfil ürəktutmaları əvvəl də var idi, indi də var. Sadəcə əvvəlki dövrlərdə bu hal statistik olaraq üzə çıxmırdı, bu sahədə araşdırmalar yetərincə aparılmırdı".
Vətəndaşlara tövsiyələrinu verən kardioloq əlavə edib ki, 35 yaşdan yuxarı insanın ürək nahiyəsində hər hansı bir narahatçılıq varsa mütləq kardioloqa getməlidir: "Hətta bu narahatlıq mədə-bağırsaq nahiyəsində olsa belə müayinədən keçmək lazımdır. Təngnəfəslik, ürəkdöyüntüsü kimi və s.kimi problemlərə ilk dəfə rast gəlindiyi halda yenə də kardioloqa müraciət etmək lazımdır".
İ.Xəlilovun fikrincə, nəzərə alınmalıdır ki, bir simptom bir neçə problemin göstəricisi ola bilər: " Digər tərəfdən bəzən qəflətən ürəktutmadan ölüm halları qeydə alınır. Bu kimi hallarda yenə də 35 yaşdan yuxarı şəxslər vaxtı-vaxtında müayinə olunsalar daha məsləhətlidir. Bu da hər kəsə şamil edilməməlidir. Əgər şəxsin normal yuxu rejimi varsa, qidalanması normasındadırsa, hərəkət qabiliyyəti yerindədirsə, irsiyyətində bu kimi problemlər yoxdursa ürəktutma riski çox aşağı olacaqdır. Koronavirusdan sonra insanların əksəriyyəti depresiyaya düşüb. Bir çox insanda ölüm qorxusu yaranıb. Bunların səbəbi isə media vasitəsi ilə yayılan həqiqəti əks etdirməyən, mütəxəssislər tərəfindən yazılmayan və müxtəlif tibb təhsili olmayan insanlar tərəfindən verrilən feyk məlumatlara görədir. Bu isə çox kədərli bir haldır".
Seymur Bənnayev,
Sitat.info