"İbtidai sinif şagirdlərinin ağır dərs yükü ilə yüklənmələri çox ciddi fəsadlara səbəb ola bilər" - Ekspert

16:15 29 Mart 2023

“Bu gün orta ümumtəhsil müəssisələrində ibtidai siniflərdə dərs yükünün ağırlığı ciddi problemlərdən sayılmalıdır. İbtidai siniflər üçün hazırlanmış tədris proqramında çox uyğunsuz və ağırlaşdırılmış mövzulara rast gəlinir. Tədris proqramının hazırlanması özü xüsusi bir strategiyadır. Burada yanlışlığa yol vermək, dərslikdə məzmunu ağırlaşdıran yersiz əlavələr etmək azyaşlı şagirdin psixologiyasına həqiqətən də ciddi zərbə vurur”.

Bunu Sitat.info-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Onun sözlərinə görə, ibtidai siniflərdə şagirdlərin ağır dərs yükü ilə yüklənmələri, onların fiziki, zehni və psixoloji imkanlarının nəzərə alınmaması gələcəkdə çox ciddi fəsadlara səbəb ola bilər.

E.Nuri bu məsələdə ibtidai sinif müəllimlərinin nöqsanlarının da az olmadığını, şagird psixologiyasına yanaşmada peşəkar davranmadıqlarını qeyd edib: “İbtidai sinif müəllimlərinin tədrisin düzgün təşkil etməsi, proqramdan kənara çıxmadan yüngülləşdirilmiş alternativ metodlardan istifadəsi azyaşlı şagirdlər üçün həyati əhəmiyyət daşıyır. Bu, xüsusi psixoloji yanaşma tələb edir. Xüsusən də ibtidai sinif dərsliklərini tərtib edərkən ən incə detallarına qədər düşünmək lazımdır. Fikrimcə, bu detallara çox da diqqət yetirilməyib. İbtidai sinif dərsliklərinin məzmun yükü ayrıca bir problemdir. Amma məsələni daha da ciddiləşdirən ibtidai sinif müəllimlərinin şagirdin xeyrinə davranmamalarıdır. Çünki bir çoxları pedaqoji və psixoloji tələbləri bilmir, məsələyə peşəkar tərəfdən yanaşmırlar. Təsəvvür edin, bu gün müəllim onsuz da ağır və lüzumsuz məzmun yükü olan kitablarla qane olmayıb, valideynləri əlavə dərs vəsaitləri ilə də yükləyirlər. Sözümüz kobud çıxsa da, bu həqiqətən belədir. Övladları ibtidai siniflərdə təhsil alan valideynlərin məsələlərə nə qədər həssas yanaşmalarını deməyə isə qəti ehtiyac yoxdu. Deyərdim ki, problemin kökündə də elə bu dayanır: müəllim ağlına gələn, tədris proqramına dəxlisi olmayan, özfəaliyyət məhsulu sayılacaq lazımsız vəsaitləri guya şagirdin inkişafına xidmət edən kitabları az qala, onlara sifariş edir. Valideynin isə bu zaman məsələyə münasibəti “təki uşağım kimdənsə geri qalmasın”dan o tərəfə getmir. Sırf bu və bunun kimi dogər psixoloji boşluqlardan istifadə edən müəllim prosesin idarəsini tamamilə ələ keçirir və ilboyu şagird-valideynlərə nələrisə diktə edir. Bu zaman itirən, deyərdim ki, gələcəyi şübhə altına atılan isə azyaşlı şagird olur".

Tədqiqatçı artıq dərsliklərdəki mülahizələrin, ağır məzmunlu dərslərin, akademik bilgilərin maraqlı metodlarla əvəz etməyin zamanı gəldiyi vurğulayıb: “Hazırda xaricdə elə müəllimlər var ki, onların dərslərinin əsasını oyunlar təşkil edir. Bu dərsliklərdə də, tədris proqramında da öz əksini tapır. Bizdə isə təəssüf ki, nə dərsliklər akademik çərçivədən kənara çıxır, nə də müəllimlərimizin tədris forması dəyişir. Məsələn, şagirdlərin çox böyük maraqla qarşılayacaqları, onlara həddindən artıq fayda verəcək STEAM təlim metodu birbaşa ibtidai siniflərdə tədris olunmalıdır. Şagirdlərə elmi və təhsili sevdirmək, onları ağır dərs yükündən xilas etmək üçün üçün STEAM tədris metodu ilə bağlı təcili və təxirəsalınmaz addımlar atılmalıdır. ABŞ başda olmaqla, bir çox ölkələrdə STEAM metodunun tədrisinə 3 yaşdan başlanılır. Yəni, məktəbdən də yox, məktəbəqədər təhsil müəssisələrindən, yəni, bağçalardan bu işə başlanılır. İtaliya,Koreya, bizə yaxın Türkiyədə və s. ölkələrdə də 3 yaşdan etibarən keçirilir. Uşaq artıq 3 yaşından təhsilin ağır yox, maraqlı tərəfini görür, o özünü əyləncə qarışıq maariflənmə metodunda daha rahat hiss edir və daha çox şeylər öyrənmiş olur. Demirik, bizdə də 3 yaşdan etibarən, başlanılsın. Amma heç olmasa, VI sinifdən də başlamayaq. STEAM elə bir metoddur ki, insan psixikasına uşaqlıqdan hakim olmalı, onun düşüncə tərzinə çevrilməlidir. VI sinif çox gecdir, çox...".

İbtidai siniflərdə modern, əyləncəli və maraqlı tədris metodlarının deyil, akademik məzmunlu, çoxqatlı informasiyalarla əhatə olunmuş proqramları arzuolunmaz hal hesab edən E. Nuri şagirdlərin dərs yükünün ağırlığını gələcək üçün təhlükə adlandırır: “Bəzən görürük ki, üçüncü, dördüncü sinif şagirdinə onun beyninin yeddinci, səkkizinci sinifdə qəbul edə biləcəyi material təqdim edilir. Bu, dəhşətdir. Cəmiyyətimizin təhsilə münasibətini dəqiq öyrənmədən digər ölkələrlə çox yalnış müqayisələr aparırıq. Məsələn, eşidirik ki, Çində, Sinqapurda, Amerikada şagirdlərin dərs yükü çoxdur və bunun öhdəsindən gələn şagirdlər təhsildə daha böyük uğur qazanırlar. Biz də uyğun olmasa belə, onu ölkəmizdə tətbiq etməyə çalışırıq. Nəticə isə göz qabağındadır, qaş düzəltmək əvəzinə, vurub gözü də çıxarırıq. Bunu etməzdən öncə bir sıra suallara cavab tapmaq lazımdır. Sual edilməlidir: biz buna hazırıqmı? Bizim cəmiyyətin qavraya biləcəyi tədris proqramının yükü hansı səviyyədədir? Bununla bağlı müəyyən sınaqlar, monitorinqlər, pilot layihələr həyata keçirilibmi? Məhz bunlardan sonra dərs yükünü artırmaq olar”.

Sevinc Cavadzadə, 

Sitat.info

 




Xəbər xətti