"Maliyyə əlçatanlığı Azərbaycanda biznesin inkişafında ən mühüm problemlərdən biri kimi Dünya Bankının və Davos formunun keçirdiyi sorğularda da öz əksini tapır. Burada bir sıra səbəblər var. Faktiki olaraq Azərbaycanda iqtisadiyyat genişlənmir, ciddi şəkildə böyümür. Yəni son 12 ildə iqtisadiyyatın orta böyümə tempi 1 faiz ətrafındadır. Bu, inkişaf etməkdə olan ölkə üçün kifayət qədər aşağı göstəricidir və iqtisadiyyatda dinamika yüksək olanda bu öz-özlüyündə kredit tələbi doğurur".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Onun fikrincə, burada ikinci problem biznesin əhəmiyyətli səviyyədə qeyri-formal fəaliyyətinin təşkilindən qaynaqlanır: "Çünki biznes öz gəlirlərini aydın şəkildə təsvir edə bilməyəndə, təbii ki, banklar tərəfindən kreditləşdirməsi imkanı məhdudlaşdırılır. Amma Azərbaycanda da biznes mühiti o şəkildə bu günə qədər təşəkkül tapıb ki, həm bir tərəfdən vərdişlər formalaşıb, sahibkarlıq subyektləri öz fəaliyyətlərini leqallaşdırmır, digər tərəfdə leqallaşdırdığı təqdirdə rəqabət qabiliyyəti zəifləyir. Çünki onun rəqibləri vergidən, fiskal öhdəliklərdən yayınmaqla rəqabət üstünlüyü əldə edir və buna görə də Azərbaycanda qeyri-formal sahibkarlıq fəaliyyəti ilə mübarizə hələ də ciddi efekt vermir. Bu gəlirlərin də aydın şəkildə təqdim edilməsi imkanını məhdudlaşdırır".
R.Həsənov qeyd etdi ki, 2015-ci ildən sonra,xüsusilə də, qara mühasibatlıq əsasında kreditlərin verilməsi istiqamətində imkanlar məhdudlaşandan sonra müəssisələrin banklardan kredit əldə etmə imkanı məhdudlaşıb: "Çünki kredit götürən tərəf krediti qaytarma qabiliyyətini sübut edə bilməlidir, bu da yoxdur. Burada başqa bir məsələ, düşünürəm ki, xüsusilə də, regionlara münasibətdə risklərin yüksək olması və xüsusilə də Azərbaycan bank sektorunda kreditin girov təminatı əsasında verilməsi tendensiyasının geniş yayılmasıdır. Çünki regionlarda bu təminatları banklar götürməkdə çox da meyilli deyillər, çünki bu əsasən daşınmaz əmlak təminatları götürülür, amma daşınmaz əmlak təminatları da likvid deyil, belə olmadığı üçün banklar da meyl etmirlər, çünki vaxtlı- vaxtında sata bilmirlər həmin daşınmaz əmlakı, nağdlaşdıra bilmirlər. Bank vəsaitlərinin dövriyyədən kənarda qalması üçün ciddi əsaslar yaranır. Buna görə regionlarda sahibkarların digər ciddi problemlərindən biri lazımi dəyərdə təminatı təqdim edə bilməməsindən qaynaqlanır".
İqtisadçı əlavə etdi ki, digər bir məsələ kreditlərə dövlət zəmanəti, kredit faizlərinə subdisiyalar ayrılmasıdır: "Bu istiqamətdə baxmayaraq ki son bir neçə ildə müəyyən addımlar atıldı, alternativ dəstəkləyici addımlar, məsələn, daşınan əmlakın girov götürülməsi, və yaxud da kredit faizlərinin subsidyalaşdırılması, kreditlərə dövlət zəmanətinin verilməsi mexanizminin yaradılması və s bunların da əhatə dairəsi çox kiçikdir. Dövlət zəmanəti verilmiş kreditlərin məbləği bu gün 200-300 milyon manatdan artıq deyil ki, bu da mövcud kredit portfelinin heç 1,5 faizi də etmir. Yəni bu kimi nailiyyətlərdən geniş istifadə olunmur, həm bir tərəfdən bu alətlərin özünün hüquqi çərçivəsindən qaynaqlanan problemlər var. Məsələn, dövlət zəmanəti 30000 manatdan yuxarı kreditlərə verilir, hər kəsə də məlumdur ki, Azərbaycanda sahibkarlıq subyektlərinin böyük əksəriyyəti mikro, yəni 95 faizinə yaxın subyekt mikro subyektdir, onlara daha aşağı məbləğdə kreditlər lazımdır, amma həmin kreditlər dövlət zəmanəti kreditindən istifadə edə bilməz. Əsas çətinlik də onlardadır. Onların əmlakları yoxdur, girov qoya bilmirlər. Buna görə də böyük bir sahibkar kateqoriyası bu imkanlardan istifadə edə bilmir. Digər bir məsələ dövlət tərəfindən verilən güzəştli kreditlərin əhatə dairəsinin az olması və sahibkarlığın inkişaf fondunun vəsaitlərinin kifayət qədər olmamasıdır. Bazarda 15-16 milyard kredit vardı, Sahibkarlığın İnkişaf Fondunun bazara il ərzində təqdim etdiyi vəsait ən yaxşı halda 150-180 milyon manat olur, çox aşağı göstəricidir və bu da son nəticədə rəqabəti artırır, əlçatanlığı aşağı salır".
R.Həsənov vurğuladı ki, bankların öz aspketindən məsələyə baxsaq, əslində banklar müəyyən mənada, prosesdə maraqlı deyillər: "Çünki bankların əlində kifayət qədər dövriyyədə istifadə edə bilmədiyi vəsaitlər vardır. Buna görə daha aşağı faizli Mərkəzi Bank notlarına meyillənirlər , hansı ki, dövlət faizi yüksəkdir. Vəsaitləri bazarda yerləşdirmək imkanları məhdud olduğundan, bazarda iqtisadi aktivliyin aşağı olması səbəbindən, tələbin az olduğundan qaynaqlanan səbəblərdən banklar müəyyən mənada bu vəsaitləri yerləşdirə bilmir".
İqtisadçı hesab edir ki, Azərbaycanda biznesin sığorta mədəniyyəti yoxdur: "Biznes fəaliyyətləri sığortalanmır, xüsusilə də kənd təsərrüfatında. Kənd təsərrüfatı yüksək riskli sahədir. Bu sahənin kreditləşməsi üçün gəlirlərin sığortalanmasına, məhsulların sığortalanmasına ehtihac vardır ki, bu olmadığına görə yalnız müəyyən bir sayda iri fermer təsərrüfatları öz fəaliyyətlərini sığortalayır. Buna görə də bu sahəyə kredit axını azalır. Digər sahələrdə də, məsələn, biznes öz fəaliyətlərjni sığortalamır. Bu yanğınlar zamanı məlum olur. Əslində sığorta hadisəsi baş verəndə müəssisənin çox az qismi sığortalanır . Nəticədə bütün bunlar risk formalaşdırır. Bir sıra hallarfa bu risklər fonunda banklar kreditləşmədən çəkinirlər. Və bir sıra hallarda da təbii ki burada maarifləndirməyə ehtiyac var. Yəni bizim kiçik və orta sahibkarlıq subyektlərinin, xüsusilə də, mikrosahibkarlıq subyektlərinin kreditləşmə prosesində tələb olunan sənədləri hazırlamaq bacarıqları çox aşağıdır. Düzdür KOBİA bu istiqamətdə müəyyən işlər təqdim edir , amma azərbaycanlı sahibkarların böyük əksəriyyəti KOBİA-nın fəaliyətindən xəbərsizdilər. Həm də bu qurumun fəaliyyəti bütün ölkəni əhatə etmir. Bu vərdişlərin də zəif olması, son nəticədə bazarda təşkil olunan maliyyə alətlərindən istifadə imkanlarını da məhdudlaşdırır və ümumilikdə bütün bu faktorların fonunda, bizim qarşımıza bugünkü mənzərənin çıxması ilə nəticələnir".
Sevinc Cavadzadə,
Sitat.info