"Azərbaycanda acil Konstitusiya islahatların aparılması ehtiyacının yaranması haqqında illərdir yazırıq-danışırıq. Bu 44 günlük müharibənin siyasəsi nəticələrinin Ana Yasada əksi, idarəetmənin təkmilləşdirməsi, yeni idarəetmə və məhkəmə sisteminin qurulması üçün çox vacibdir. Çox qısa olaraq sıralasaq, yəni detallara varmadan atılacaq addımlar bunlar olmalıdır:
1) İcra Hakimiyyəti institutunun ləğvi, seçkili yerli özünüidarə və Mer institutunun təsisi,
2) Ölkənin inzibati-ərazi bölgüsünün dəyişdirilməsi, 14 iqtisadi rayon bölgüsünə uyğun inzibati-ərazi vahidlərinin yaradılması,
3) Proporsional seçkilərə keçid,
4) Dövlət və hökumət institutlarının təsnifatı, səlahiyyət-məsuliyyət bölgüsü və təyinatı mexanizmlərinin dəyişdirilməsi, Prezidentin Dövlət Başçısı rolununda qalması (xarici siyasət, təhlükəsizlik, hüquq-mühafizə və xüsusi xidmət, ordu birbaşa Prezidentin idarəetməsində olur, Prezident 14 inzibati-ərazi vahidinə şəxsi nümayəndə təyin edir və s.), Baş Nazirin və Nazirlər Kabinetinin isə (hökumətin) parlamentdən çıxması və sosial-iqtisadi məsələlərin hökumətə keçməsi, məsuliyyətin də hökumətə yüklənməsi,
5) Hökumətin Parlament qarşısında hesabatlılığının artırılması, Parlamentin Dövlət orqanlarına da sorğulama səlahiyyətlərinin olması".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, vurğulayıb ki, belə bir sistemdə son günlərin müzakirə mövzusu olan məsələlər də aktuallığını itirəcək: "Bir neçə gündür ki, İnam Kərimovun kənd təsərrüfatı nazirindən Ali Məhkəməyə gətirilməsi doğru olmayan bucaqdan müzakirə olunur. Əgər yeni sistem formalaşacaqsa nazir SİYASİ vəzifə olacaq, onun PEŞƏSİ nə olur-olsun, əsas menecer və seçkilərdə qalib gəlmiş siyasi partiyanın gündəliyini yerinə yetirmək qabiliyyəti önə çıxacaq (hə, bunun üçün də ölkədə ideoloji partiyaların formalaşması, ideologiya və proqramların rəqabətinin yaranması vacibdir – məmləkətdə hakim partiya belə ideoloji deyil, əslində heç hakim partiya da deyil, hakimiyyətdə təmsilçiləri olan partiyadır), yəni, hüquqşünas kənd təsərrüfatı naziri olanda heç kimdə sual yaranmayacaq, və ya iqtisatçı peşəsi sahibi səhiyyə naziri olsa heç kim təəccüblənməyəcək.
Sistemin yenidən dizaynı üçün unikal şans yaranıb, bu 44 günlük Hərbi Qələbənin nəticələrinin siyasi rəsmiləşdirilməsi üçün də vacibdir...".
Nərgiz,
Sitat.info