Yazıçı Əkrəm Əylisli Sitat.info-ya müsahibə verib və son vaxtlar gündəmi zəbt edən İran-Azərbaycan münasibətlərindəki gərginlikdən danışıb.
- Əkrəm bəy, Azərbaycan-İran münasibətlərində hədsiz gərginlik var, artıq diplomatik kanallar da qırılma nöqtəsindədir. Bu durum hər iki ölkəni hara aparır?
- Azərbaycan İranla münasibətlərin yaxşılaşması üçün bütün imkanlardan istifadə etməlidir. Necə qonşu olmasından asılı olmayaraq ətraf ölkələrlə münasibətlərin pisləşməsi yaxşı nəticəyə gətirib çıxartmır. Arzu edərdim ki, dil tapıb məsələni həll etsinlər. Əgər İran bizə qarşı terrora başlayıbsa, bunu araşdırıb aydınlaşdırmaq lazımdır. Çoxlu sayda insanı birdən-birə təqsirləndirmək bu da ədalətli məsələ deyil. Birdən birə yüzlərlə insanı agent kimi həbs edirsən. Əlbəttə onların içində agentlər var, amma kütləvi şəkildə bu proses aparılmamalıdır.
- Amma etiraf edək ki, İranın Azərbaycana münasibətində kifayət qədər yanlışlıqlar, qərəzli və təhrikedici davranışlar var...
- İranın bizə mübasibətində çox qəliz məqamlar var. Onlardan biri budur ki, İran Azərbaycanın güclənməsindən qorxur ki, Cənubi Azərbaycan ayağa qalxıb öz hüquqlarını daha yüksək səslə tələb edə bilər. Cənubi Azərbaycanı mən qarış-qarış gəzmişəm, insanlarla söhbət etmişəm. İrandakı Azərbaycan əhalisi bizimkindən qanı ilə, geni ilə fərqlənmirsə də, təfəkkürü və yaddaşı ilə çox fərqlidir. Onların ayağa qalxması mümkündür, çünki onlarda da molla rejiminə nifrət var. Elə farsların özünün də bir qismində rejimə bu nifrət var. Xalqın nifrətindən qorxan İran fərqli vasitələrə əl atmaqla ömürlərini uzatmağa çalışırlar.
- İranın erməni sevgisinin, Ermənistana müstəsna dəstəyinin səbəbi nədir, bunu hansı məqsədlə edir?
- İranın ermənilərə xüsusi sevgisinin olduğunu düşünmürəm. İran bu yolla özünü hifz eləmək istəyir. Mən inanmıram ki, İran böyük məhəbbətlə erməniləri bağrına basmağa hazırdı. Orası da var ki, ermənilərdən yapışıb Azərbaycanı sıxışdırmağa çalışır. Bunun üçün onlardan istifadə edir. Mən Tehranda olmuşam, orada farslarda ermənilərə sevgi hiss etməmişəm. Bu mürəkkəb vəziyyəti aydınlaşdırmaq lazımdır. Dünya dəqiq bilməlidir ki, kim kimdir, müqəssir hansı tərəfdir. Bunu araşdırmaq üçün hər bir vasitədən istifadə etmək lazımdır.
- Hazırki İran rejimi ilə sizcə normal münasibət mümkündürmü?
- İran qədim tarixi olan, yüksək mədəniyyətə sahib bir ölkə olub. Amma indi bu ölkə elə bir vəziyyətə gəli çatıb ki, bir terror ölkəsinə çevrilib, insanlığa qarşı cinayətlə törətməyə hazır olan ölkə kimi dünyanın gündəminə düşüb. İranlılar özləri fikirləşməlidirlər ki, hansı yolla bu molla rejimindən çıxmaq lazımdır. Amma bizdə İranla qonşuluq münasibətləri hər bir halda nəzərə alınmalıdır. Əgər İran vəziyyəti gərginləşdirməyə çalışırsa, biz bunu ayınlaşdırmağa çalışmalıyıq. Biri şeytani olanda, biri rəhmani olmalıdır. Hər iki tərəf şeytani olanda, vəziyyət dalana dirənə bilər. Mən arzu edərdəm ki, onların şeytani münasibətinə qarşı bizim davranışımız rəhmani olsun. Çalışıb dil tapmalıyıq.
- Fazil Mustafaya qarşı terrorda İranın əlinin olması artıq şübhə doğurmur. Sizcə, bu addımla nə deməyə çalışırlar?
- Fazil Mustafa məsələsini hüquq-mühafizə orqanları dəqiqləşdirməlidirlər və 100 faiz ittihamlar sübuta yetirilməlidir. İranın rolu dəqiq ortaya çıxarsa bu dövlət öz cəzasını almalıdır. İndiki halda mən onun tərəfarı deyiləm ki, hər kəsə casus adı qoyub həbsə salsınlar. Casus ittihamı ilə həbsə salınan insanların ailəsi, uşağı var. İşin əxlaqi, mənəvi , humanist tərəfi nəzərə alınmalıdır. Əgər bunlar nəzərə alınmasa çox qarmaqarışıqlıq hadisələr, ədavətlər baş verə bilər. Mən arzu edərdim ki, hər şey dəqiqləşdirilsin və hökm sonra çıxarılsın. Fazil Mustafanın güllələnməsində İranın əlinin olması inandırıcıdır. Çünki ondan öncə mənim qələm dostum Rafiq Tağının qətlə yetirilməsi olmuşdu. İndiyə kimi onun qatili tapılmayıb. Bu acınacaqlıdır. Ölkəmizin təhlükəsizliyi çox yaxşı qorunur. Ancaq hüquq-mühafizə orqanları, DTX işlərini bir qədər də ciddiləşdirməlidirlər ki, hadisələrə aydınlıq gətirilsin. Əhalinin təsəvvüründə aydın təsəvvür olmalıdır. Qarmaqarışıqlığın nəticəsi pis olur.
Nərgiz,
Sitat.info