"Ermənilər bilməlidir ki, Xankəndinin taleyi məhz Bakıda həll olunur" - Zahid Oruc

16:40 12 Aprel 2023

"Xankəndi və ətraf üç ərazidə məskunlaşan ermənilərin sayı, sosial-iqtisadi durumu, baxışları, gözləntiləri, vətən müharibəsindən sonrakı yaşantıları Azərbaycan dövlətinə bütün parametrləri üzrə bəllidir. Yəni onları faktiki olaraq əhatə edən yalnız bir ovuc silahlı qüvvə deyil və ötən 10 illərdən fərqli olaraq nə dünya erməni diasporası, nə Ermənistan hakimiyyəti Xankəndi erməniləri üzərində əvvəlki təsir gücünə malik deyillər, onlar həmin hakimiyyəti itiriblər".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib. 

O, əlavə edib ki, əvəzində Azərbaycan da həmin erməniləri o ərazidə məskunlaşdıraraq birgə yaşayışa cəlb edə bilməyibdir, bu uzun 10 illərin, bəlkə də əsrlərin problemidir: "Yəni renteqrasiya konflikt tərəfləri olan xalqların heç birində asanlıqla getməyib. Lakin, biz savaşdan sonra, yəni zəfərin əldə olunmasından sonra, Qafqazlarda Azərbaycan iddialı və ambisiyalı bir strategiya seçmədi, tam əksinə biz sülh gündəliyini irəli sürdük və bölgə üçün "orta dəhliz" və "3+3 formatı" modellərində birgə yaşayışın bütövlükdə qafqazlılar üçün tapılmasını irəli sürdük.  Amma, mini model baxımından əgər gerçəkdən də Qarabağda bu çözüm formulları tapılsaydı, onu bütövlükdə daha geniş məkana tətbiq etmək mümkün olardı.

Düşünürəm ki, paralel şəkildə Azərbaycan Qarabağın landşaftını, ənənəvi düşmənçilik yollarını da bağlayaraq tam özünün infrastruktur siyasətini elə bir formada yürütdü ki, Qarabağdakı o qüvvələrin bir saxta təmsilçisi Babayan etiraf etdi ki, prezident İlham Əliyev bu gün yeni logistik tədbirlərlə, bölgədə məskunlaşma üçün hazırladığı zəminlə faktiki olaraq 44 günlük savaşdakı xətti davam edir.  Amma, başqa vasitələrlə edir və bu da dünyada məqbul siyasətdir. Həmişə tanklar, toplar, dronlar danışmır. Belə olan şəraitdə zənn edirəm ki, bizim  o zəmində, xüsuslə də Sərsəng su hövzəsi və onun resuslarından birgə istifadə olunması yönündə aparılan danışıqlarda birgə münasibətlər qurmağın formullarınə öyrənmək imkanımız var. Təəssüflər olsun ki, prosesə Ermənistanla sülh müqaviləsi mövzusu mənfi təsir etdi.  Anlaşma tapıla bilmədiyinə görə burada Qarabağla bağlı situasiya daha da dramatik şəkil aldı".

Deputat hesab edir ki, Xankəndiyə gedən alternatov yollar nəzarət altına alındıqdan sonra onlar görüşlərə gəlməyə məcbur olacaqlar: "Sonda Vardanyanın gəlişi və yekunda onun çıxarılmasından sonra, Azərbaycan bəlli bir profildə kiməsə status vermədən, onları özlərinə tərəf saymalarına şərait yaratmadan, sadəcə "erməni sakinlər" termini ilə bu formatda görüşlər keçirməyə çalışdı və buna görə də Azərbaycan parlament nümayəndəsi də həmin tədbirlərdə məsul şəxs kimi yer aldı. Hesab edirəm ki, Azərbaycan dövlətinin bu mənada strateji və taktiki tədbirləri, qərarları doğru idi. Ən sonda onlar təklifləri qəbul etmədilər, Bakıya gəlməkdən vaz keçdilər. Və təbii ki, bu onların öz mövqeyi sayıla bilməzdi. Paralel şəkildə Laçın yolunun guya bağlanmasına dair ermənilərin eksensialist təhlükəyə məruz qaldığı mifologiyaları uydurmağa davam etdilər. Ancaq Turşsu-Xəlfəli yolu və Zabux Sus ətrafındakı   qara yolları  nəzarət altına alındıqdan sonra və Xankəndi özü bütövlükdə bu mənada nəzarət altına alındıqdan sonra təkrar təkliflər irəli sürülüb.

Z.Orucun sözlərinə görə, heç bir halda separatçı rejim, nə də Qarabağdakı ermənilər bir tərəf kimi qəbul edildiklərini düşünməməlidir: "Hesab edirəm ki, bu mənada qətiyyən onların hansı bir məqsəd düşünmələrindən aslı olmayaraq ki, buna yol vermək olmaz. Sabah Bakıdan çıxanda onlar deyəcəklər ki, bizi artıq tərəf kimi tanıyıblar və s. Zənn edirəm ki, buna əsla yol verilməyəcəkdir, amma danışılması üçün çoxlu mövzular var. Əksərən sosial və humanitar xarakterli və yaxud hüquq məsələri üzrə mövzulardır.  Amma bu əsla siyasi xarakter daşımayacaq. Çünki Xankəndidəki ermənilərin  müstəqillikdən tamamilə vazkeçdiklərini,   Ermənistanın hakimiyyət orqanlarına nifrət etdiklərini yaxşı bilirik. Onların başqa hərhansı ölkələrdən gözləntiləri var, üçüncü bu amil qüvvədədir.

Bunu aradan aldırmaq üçün onlara başa salmalıyıq ki, Xankəndinin taleyi 3-4-cü paytaxtlarda həll olunmur, məhz Bakıdadır. Bu mənada qeyd edilən təşəbbüsü, yəni Azərbaycanın, onun rəhbərliyinin biraz öncə verilmiş təkliflərinə adekvat reaksiya hesab edirik və ümidvarıq ki, onun ətrafında nəhayət sülh prosesini irəliyə aparmaq mümkün olacaq. Yəni faktiki olaraq Ermənistanın vətən müharibəsinin nəticələrini təftiş edib, onu aradam qaldırmağa, geri döndürməyə imkanları yoxdur,Bu əgər belədirsə, onda Xankədindəki 27-28 min insan bunu heç edə bilməz".

Sevinc Cavadzadə,

Sitat.info



Xəbər xətti