Türkiyədə növbəti prezident seçkiləri may ayının 14-də keçiriləcək. Qardaş ölkədə seçkilərin əvvvəlcə müəyyənləşdirilən 18 iyun tarixindən erkən keçiriləcəyi qərarı alınıb. Bu barədə Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısındakı çıxışında məlumat verib. Hazırda keçirilən sorğularda Ərdoğan lider olsa da, ən yaxın rəqibi CHP sədri Kamal Kılıçdaroğludur.
Bəs görəsən, seçkilərin nəticəsi necə olacaq?
Bu mövzuda Sitat.info-ya açıqlama verən politoloq Xəyal Bəşirov bildirib ki, bu seçkilərdə ciddi mübarizə gedəcəyi görünməkdədir: "Türkiyədə gələn ay, yəni mayın 14-də prezident seçkiləri keçiriləcək və bu seçkilərdə çox ciddi mübarizənin gedəcəyi də artıq görünməkdədir. Bilirik ki, Türkiyədə Rəcəb Tayyib Ərdoğanın hazırda nüfuzu daha çoxdur, nəinki, digər namizədlərin. Amma, hər bir halda onu da bilirik və görmüşük ki, Türkiyədə seçkilər həmişə çox gərgin vəziyətdə keçirilir, xüsusilə də, prezident seçkiləri Türkiyədə ən üstün seçkilərdən olduğuna görə bu gərginliyin daha pik həddi olacağını anlamaq rahatdır".
Politoloq qeyd etdi ki, bəzi qüvvələrin də bu seçkilərdə ciddi maraqları var: "Eyni zamanda, Türkiyədə son zamanlar baş verən proseslər və o cümlədən də, Türkiyə ilə bağlı həm regionda, həm dünyada baş verən hadisələr onu deməyə əsas verir ki, beynəlxalq ictimaiyətin, ayrı-ayrı dövlətlərin və bəzi qüvvələrin də Türkiyədə baş tutacaq seçkilərdə çox ciddi maraqları var. Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən getməsinə çalışan qüvvələrin də artıq fəaliyətə keçdiyini görürürk. Sadəcə bunu demək kifayətdir ki, Rəcəb Tayyib Ərdoğana ən son prezident seçkilərində qalib gələcəyi ilə bağlı sual verilərkən belə bir fikir səsləndirmişdir ki, "Türkiyə xalqı mayın 14-də Qərbin Türkiyə ilə bağlı hazırladığı planları pozacaq". Bu da o deməkdir ki, yəni prezident Ərdoğan açıq şəkildə qeyd edir ki, Qərbdə bir sıra qüvvələrin Türkiyədəki seçkilər zamanı Ərdoğanın rəhbərlik etdiyi iqtidarın hakimiyyətdən getməsinə çalışır".
Xəyal Bəşirov bildirdi ki, Rəcəb Tayyib Ərdoğan iqtidarı Türkiyə üçün çox vacibdir: "Hər bir halda düşünürəm ki, Azərbaycan xalqı olaraq bizim də mövqeyimiz ondan ibarətdir ki, hazırki məqamda və baş verən bu proseslərdə Türkiyəyə Rəcəb Tayyib Ərdoğan iqtidarı çox ciddi şəkildə lazımdır və Türkiyə üçün bu vacibdir. Biz bilirik ki, hazırki məqamda dünyada bir sıra ciddi proseslər baş verir, yəni siyasi və iqtisadi düzən formalaşdırılır. Bunu bir sıra münaqişələrin alovlandırılması, aktiv faciəyə çevrilməsi və eyni zamanda, dünyada ayrı-ayrı dövlətlər, təşkilatlar arasında baş verən mübarizə bu fikirləri səsləndirməyə əsas verir. Hesab edirəm ki, Türkiyədə də, digər dövlətlərdə də elə Avropanın özün də, ABŞ da olduğu kimi vətəndaşların sosial iqtisadi problemləri var, bu istənilən dövlətdə bu şəkildədir. Hər bir halda iqtidarlar bir -birlərini növbəli şəkildə dəyişdikcə bu problemlərin həllinə çalışırlar və problemlər də təbii ki , bitmir, hər növbəti ildə yeni problemlər yaranır, zaman keçdikcə yenilərini əvəz edir. İqtidarların da öhdəliyi, vəzifəsi ondan ibarətdir ki insanların, o cümlədən, dövlətin bu problemlərini həll eləsinlər".
O qeyd etdi ki, Türkiyə vətəndaşı Türk dövlət və dövlətçiliyinin təminatını düşünərək Rəcəb Tayyib Ərdoğan iqtidarına səs verməlidir: "Bu gün Türkiyə vətəndaşının qarşısında belə bir seçim dayanıb ki , ya özünün o problemlərinin həlli istiqamətində çalışaraq bəzi qüvvələrin oyunlarına gəlib Ərdoğan iqtidarına deyil, digər iqtidarlara səs verəcəklər, ya da ki, Türkiyə dövlətinin və dövlətçiliyinin gələcəyinin təminatı kimi Ərdoğan iqtidarına səs verəcəklər. Hər bir halda biz Türkiyə xalqının dövlət və dövlətçiliklə bağlı mövqeyini bilirik. Zaman - zaman Osmanlının dövründə və ötən əsrin əvvəllərində Türkiyənin respublika kimi yenidən doğulmasından sonra da Türkiyə vətəndşlarının dövlətə və dövlətçiliyə qarşı münasibəti daim bəlli olub və onlar şəxsi problemlərini daim arxa planda saxlayaraq Türkiyə dövlətinin və dövlətçiliyinin, onun gələcək müqəddəratının təmin olunması istiqamətində öz problemlərini belə qurban verməyə hazır olublar. İndiki məqamda da eyni vəziyyətdir, düşünürəm ki, bu gün qeyd etdiyim kimi Türkiyənin daxilində baş verən proseslər, Türkiyənin ətrafında, regionda , o cümlədən , dünyada baş verən proseslər bizə onu açıq deməyə əsas verir ki, Türkiyədə hazırki iqtidar bəzi qüvvələr tərəfindən qəbul edilmir, Türkiyə dövlətinin də güclənməsi bir sıra qüvvələri narahat edir, bəzi qüvvələri fəaliyyətə keçməyə və Türkiyədə bu seçkilərə müxtəlif formada təsir göstərməyə vadar edir. Təbii ki, bu da onların özlərinin maraqlarına, oyunlarına xidmət etmək istəklərilə bağlıdır. Türkiyə elə həssas regionda yerləşir ki, onun ətrafında daim ciddi proseslər baş verir.
Suriyada, İraqda , Aralıq dənizində Avropanın özündə, Ukrayna müharibəsinin fonunda , Türkiyə-Rusiya münasibətləri , Türkiyə - dünya münasibətləri ,o cümlədən də, cənubi Qafqaza Azərbaycanın formalaşdığı yeri reallıqlarla bağlı Türkiyənin mövqeyinə zərbə vurmaq istəyənlər var və təbii ki, Türkiyədəki hazırki iqtidarı kənarlaşdırmaqla Türkiyənin Cənubi Qafqazdakı mövqeyini zəiflətmək istəyən bir sıra qüvvələr artıq hərəkətə keçib. Bu da həm Cənubi Qafqaz, həm Cənubi Qafqaz vasitəsilə mərkəzi Asiya və Asiyanın dərinliklərinə qədər uzanan türk coğrafiyasını birləşdirmək niyyətilə bağlı Türkiyənin ortaya qoyduğu mövqeni sarsıtmaq istəyilə bağlıdır.
Düşünürəm ki, Türkiyədəki hazırkı seçkilər çox önəmli hadisədir. Bu təkcə Türkiyə xalqı üçün deyil, o cümlədən də, Azərbaycan üçün, ümumilikdə Türk dünyası üçün və habelə qlobal dünya üçün də önəm kəsb edən hadisədir. Türkiyənin hazırki iqtidarının hakimiyyətdə qalması Türkiyənin həm regionunda, həm dünyada nüfuzunun daha da güclənməsinə və artıq qazandığı o mövqeyi bərkidib saxlmasına gətirib çıxaracaq".
Sevinc Cavadzadə,
Sitat.info