Repetitorluğun təhsilə vurduğu ZƏRBƏ - Ekspertdən VACİB TƏHLİL

17:57 18 Aprel 2023

“Bəzən repetitorluq institutunu az qala, təhsilimizin xilası, üzünü ağ edən xüsusi mistik qüvvə kimi təqdim edirlər. Bu, təbii ki, belə deyil. Repetitorluq nəinki təhsilimizi inkişaf etdirən, hətta onu iflic duruma salan səbəblərdən biridir. Dünyanın hər yerində bu xidmət sahəsi var. Amma problemin əsas motivi repetitorluğun böyük şəbəkəyə çevrilməsi, təhsil mühiti üçün psixoloji baryer olmasıdır”.

Bunun Sitat.info-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Onun fikrincə, Azərbaycan təhsilinin hazırkı durumunun ürəkaçan səviyyədə olmamasının əsas və birinci səbəbi repetitorluq olmasa da, bu institutun sürətli şəkildə böyüməsi vəziyyətin daha acınacaqlı hal almasına gətirib çıxardı: "İllərlə davam edən bu tendensiya nəticədə məktəbi bir tədris mühiti olaraq sıradan çıxardı. Bu gün məhz repetitorluğun “sayəsində” məktəb tədris mühiti anlayışını itirib. Hamının da əzbərlədiyi bir ifadə var: “məktəbin yeganə işi şagirddə sosial alışqanlıq yaratmaqdır”. Tamamilə yanlışdır. Məktəb ən birinci bir tədris müəssisəsidir. O cəmiyyət üçün gələcək şəxsiyyətləri yetişdirməli olan maarifçi məkandır. Sosiallaşma məktəbin funksiyalarından yalnız biri ola bilər. Amma repetitorluq fəaliyyətinin bu dərəcədə geniş miqyasda yayılması məktəbi maarifçi məkan olaraq sıradan çıxardı. Valideyn nəzarətinin güclü olduğu ibtidai siniflərdə təhsil alanlardan başqa yerdə qalan bütün şagirdlər bu gün hansısa fənn oxumağa, mövzunu öyrənməyə maraqlı deyillər. Şagird düşünür ki, niyə bunu öyrənirəm ki?! Vaxt gələcək, repetitor yanına gedib universitet üçün lazımı hazırlığı keçəcəyəm. Təsəvvür edin ki, şagird üçün birillik repetitor hazırlığı onillik məktəb həyatından daha üstün sayılır. Müəllim isə dərs keçməyə maraqlı olmur. Düşünür ki, enerjisini dərsdən sonrakı repetitorluq fəaliyyətinə saxlasa daha yaxşı olar. Çünki oradan daha yaxşı gəlir əldə edir. Bu isə müəllimlik adına, məktəb amilinə xələl gətirməkdən başqa bir şey deyil. Həmçinin valideynlər də düşünür ki, övladları oxumasalar da olar, əsas odur ki, onlar vaxtı gəldikdə əlavə hazırlığa gedib universitetə qəbul olunacaqlar. Gördüyünüz kimi, təhsil üçbucağını təmin edən müəllim-şagird-valideyn həlqəsi repetitorluğa münasibətdə məktəb mühitini necə ayaqlamış oldular. Sizcə, bu repetitorluğun, daha doğrusu, Azərbaycan modelli repetitorluğun təhsilimizə zərbəsi deyilmi?!”

 

E.Nurinin fikrincə, repetitorluğu ləğv etmək nazir Emin Əmrullayevin də dediyi kimi mümkün deyil: "Bu, ümumiyyətlə heç bir zaman da baş verməyəcək. Sadəcə, repetitorluğu indiki “inkişaf modeli”ndən uzaqlaşdırmaq, məktəb üzərindəki hegemoniyasını yox etmək lazımdır. Bir məsələyə xüsusi diqqət etmənizi xahiş edərdim: istər sosial şəbəkələrdə, istər media, istərsə də cəmiyyətdə repetitorluğa qarşı narazı ifadələr eşitmişik. Amma birmənalı pisləyən fikirlərin heç biri bu xidmət sahəsinin mahiyyətini aşağılamaq üçün deyilmir. Hamı anlayır ki, bəzi situasiyalar var ki, orada əlavə öyrətmə xidmətindən istifadə vacib və zəruri ola bilər. Necə ki, dünyanın təhsil baxımdan inkişaf etmiş ölkələrində də bu metoddan istifadə edilir. Əmin olun, narazılıq dolu ifadələr yalnız və yalnız repetitorluğun Azərbaycan modelinə olan münasibətə görədir. Bizdəki repetitorluq institutu özünü insanlar üçün az qala, hava-su funksiyası kimi təqdim edir. Yəni, repetitorlar olmasa, təhsilimizin heç bir inkişafı ola bilməz. Şagird heç bir nəticə qazanmaz! Bəli, bugünkü məktəb mühiti şagirdi universitetə hazırlaya bilmir. Amma onu bu hala salan həm də repetitorlar olmadımı? Bir neçə gün bundan öncə professor Şahlar Əsgərov mətbuata açıqlamasında repetitorluğu təhsilin kürəyinə saplanan xəncərə bənzətdi. Kifayət qədər doğru bənzətmədir. Bizdə də repetitorluq məhz bu xəncər funksiyasını yerinə yetirib. Amma indi özü yaraladığı yaranın üzərini azacıq da bağlamaqla məşğuldur. Cəmiyyət isə bu ikili prosesdə yalnız ikinci tərəfi görür”.

Təhsil eksperti  repetitorluqla bağlı təcili aşağıdakı addımların atılmalı olduğunu bildirib: “Birincisi onu deyək ki, məktəb mühitini repetitorluğun kölgəsində qalmaqdan xilas etmək lazımdır. Əks halda, biz gələcəyin uğurlu təhsilinə ümid edə bilmərik. Bunun üçün xüsusi proqram hazırlanmalı, bir neçə il üçün pilot məktəblər seçilməli, repetitorların xidmətini oradakı müəllimlər həyata keçirməlidirlər. Məsələn, paytaxtda fəaliyyət göstərən Diyanət Vəqfi Bakı-Türk Liseyinin nümunəsini ölkə məktəblərinə tətbiq etmək olar. İkincisi, repetitorlar sahibkar kimi vergi öhdəçiliyinə cəlb edilməli, onların xidməti fəaliyyətləri leqallaşdırılmalı və ictimaiyyət qarşısında hesabat verməlidirlər. Üçüncüsü, yalnız Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən xüsusi icazə sertifikatı alan repetitorların fəaliyyətinə icazə verilməli, digərləri üçün isə bu, qadağan edilməlidir”.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti