Azərbaycan sərhədlərini başqa dövlətin hərbi kontingenti qoruya bilməz- AMİP sədrindən Lentsova...

17:45 28 Aprel 2023

Aprelin 23-də Azərbaycanın Ermənistanla şərti sərhəd zolağında, Laçın-Xankəndi yolu üzərində nəhayət ki, bizim sərhəd-buraxılış məntəqəmiz quruldu və bununla da Azərbaycan tam olaraq öz sərhədlərinə nəzarəti əlinə almış oldu. Biz 44 günlük müharibə sayəsində əldə etdiyimiz qələbədən sonra İranla olan 132 km sərhəd zolağımızada nəzarəti bərpa etmişdik. 30 ilə yaxın müddət ərzində həmin sərhəd zolağı ermənilərin işğalı altında olduğu dövrdə nəzarətimizdən kənarda idi. Biz bunu bərpa etdik. 10 noyabr bəyənnaməsi imzalanandan sonra əsas hədəflərdən biri də ondan ibarət idi ki, Ermənistandan Azərbaycana daxil olan yollar tam nəzarətə götürülməlidir və Azərbaycan müvafiq qurumların tərəfindən əraziyə daxil olan şəxslər və eyni zamanda yüklər ciddi nəzarətdən keçdikdən sonra ölkə ərazisinə daxil ola bilər. Bu Azərbaycanın doğal hüququdur və Azərbaycan Konstitusiyasına müvafiq olaraqda öz sərhədimizdə sərhəd buraxılış məntəqələri qurmaqda haqlıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə deyib. 

Onun sözlərinə görə,  ermənilərin, eyni zamanda sülhməramlı adı altında fəaliyyət göstərən rus hərbiçilərinin istəklərindən biri də ondan ibarətdir ki, heç olmasa birlikdə nəzarət funksiyası həyata keçirilsin: "Amma he çbir halda buna razılıq verilə bilməz. Çünki bu Azərbaycan Konstitusiyasına ziddir. Azərbaycan sərhədləri digər dövlətlərin hərbi kontingenti tərəfindən heç bir halda qoruna bilməz və heç bir halda Azərbaycanla yanaşı digər dövlətin sərhəd xidməti Azərbaycan sərhədlərində xidmət keçə bilməz. Əgər bu istəkləri varsa Ermənistanda onsuz da Rusiyanın hərbi bazası yerləşir.  Ermənistan sərhədləri faktiki olaraq rus əsgərləri tərəfindən qorunur və həmin ərazinin Ermənistanda olan hissəsində ruslar ermənilərlə birlikdə sərhəd-buraxılış məntəqəsi qurub orada nəzarət edə bilərlər. Azərbaycan ərazisində, konkret olaraq sərhəd zolağında yalnız və yalnız Azərbaycanın müvafiq qurumları xidmət keçə bilərlər".

A.Əlizadə vurğuladı ki, bəyannaməyə müvafiq olaraq müvəqqəti rus hərbi kontingenti Azərbaycan ərazisində Qarabağın dağlıq hissəsində 5il müddətində xidmət keçəcəklər və bu dövr ərzində onların məsuliyyət dairəsi hesab olunan ərazilərdə sülhməramlı missiyanı  apara bilərlər: "Bu o anlama gəlmir ki, konkret olaraq nəzarət buraxılış məntəqəsində onlar Azərbaycanla bərabər xidmət keçib, Azərbaycan ərazisinə daxil olan şəxslərə və yüklərə yönəlik nəzarət funksiyasını həyata keçirsinlər. Buna heç bir halda razılıq vermək olmaz. Bu Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə, bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinə zidd bir məsələdir. Bu Azərbaycanın suveren hüquqlarına bilavasitə toxunmaq deməkdir. Bu mənada da Azərbaycan müstəqil dövlət olaraq qarşı tərəfin bu istəklərinə heç bir halda razılıq verə bilməz".
 

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti