Hökumət quru sərhədləri bağlı saxlamaqla nə etmək istəyir? - Nətiq Cəfərlidən açıqlama

20:23 28 Aprel 2023

Hökumət quru sərhədləri bağlı saxlayaraq turizmi inkişaf etdirmək istəyir – absurd səslənsə də, görünən mənzərə budur.

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, quru sərhədlərin bağlı qalmasını bəziləri belə izah edirlər ki, güya hökumət daxili turizmi təşviq edir, istəmir ki, insanlar xaricə gedib pul xərcləsinlər. Amma bu da rəqəmlərlə təsdiq olunmur: 2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 13,4 faiz səviyyəsində olub, yəni, ilin ilk 3 ayında ölkədəki otellərdə yerlərin 86,6%-i boş qalıb. Birdən deyərsiz ki, bəlkə təsadüfdür, bəlkə keçən il vəziyyət yaxşı idi – deyim də, 2022-ci ilin yanvar-mart aylarında otel nömrələrinin 89,1%-i boş qalıb. 

"Quru sərhədlərinin bağlı qalması tuzizmə, kənd təsərrüfatına, sərhədyanı ticarətə, insanların psixoloji durumuna, sosial məsələlərə, insanlararası münasibətlərə çox ciddi psixoloji-mənəvi təsir göstərir", - ekspert qeyd edib.

O bildirib ki, bir tək Gürcüstanda 300-350 min soydaşımız yaşayır. Hansı ki, onların Azərbaycanda qohumları, yaxınları var. Quru sərhədlərinin bağlı qalması artıq izaholunmaz və insanları həddindən artıq narahat edən bir məsələyə çevrilib. 

"Quru sərhədlərinin qapalı olması daxili turizmə heç bir töhfə vermir. Çünki Azərbaycanda bahalı otellərin qiymətləri Gürcüstana, Türkiyəyə gedib gəlməkdən daha yüksəkdirsə insanlar həmin otellərdə qalmaqdansa xaricə getməyə üstünlük verirlər. 

2018-2019-ci illərdə quru sərhədlərinin açıq olduğu vaxtlarda daxili turizmdə müəyyən inkişaf dinamikası var idi. Bunun birbaşa təsirləri azdır. Əksinə əks təsirləri var. Belə ki, quru sərhədləri açıq olan zaman kənardan da çoxlu sayda şəxsi avtomobillərlə ölkəyə gələnlər olur", - Natiq Cəfərli deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti