Manat üzən məzənnə rejiminə nə zaman keçəcək? MÜHÜM ŞƏRH

15:21 1 May 2023

"Azərbaycan manatının inzibati qaydada tənzimlənməsi artıq 6-cı ildir ki, davam edir. Biz belə bir alqoritmi 2005-2015-ci ildə də izləmişik, o zaman eyni yanaşma mövcud idi. İnzibati tənzimləmə mexanizmi yaradılmışdı və dollara nisbətən Azərbaycan manatının məzənnəsi 10 ilə yaxın dəyişmədi. 1 dollar təqribən 78-80 qəpik civarında idi. Amma bunun nəticəsi çox pis oldu. Azərbaycan məcbur oldu və 3 dəfə devalivasiya oldu. Çox insanlar 2 dəfə olduğunu deyirlər, amma əslində 3 devalivasiya oldu. 1 manat 5 qəpik, 1 manat 55 qəpik, sonradan oynaq məzənnəyə keçmə uğursuz alındı və son olaraq 1,70-də tənzimləndi. Və bu sabit məzənnə 7-ci ildir ki davam edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli manatın sabit saxlanılmasının hansı nəticələrə səbəb olacağı ilə bağlı suallara cavab olacaq bildirib. 

Onun fikrincə,  bunun müəyyən fəsadları var və uzun müddət belə davam edə bilməz: "Bir müddətdən sonra bu sabit məzənnə rejmi müəyyən problemlər yaradacaq. Bu alqoritmi, hər 10 ildən bir təkrarlanma ehtimallarını da nəzərə alsaq, təqribən yaxın 2-3 ildə devalvasiyanın olması ehtimalları  artır. Hələlik idxal -ixrac əməliyyatlarının balansında müsbət saldo mövcud olduğu üçün Azərbaycan manatını inzibati məzənnə rejmi ilə tənzimləmək nə Mərkəzi Banka, nə də Neft Fonduna böyük yük gətirmir. Çünki Neft Fondundan ayrılmış vəsaitlər dollarla ayrılmış vəsaitlərdir. Dollar manata çevrilib büdcəyə ötürülməlidir. Bu hələlik bəs edir. Amma bu ona görə baş verir ki, Azərbaycanın xarici ticarət dövriyyəsində hələ də neft-qaz ağırlığı 90 faizdən yuxarıdır. Qiymətlərin də yüksək olduğunu nəzərə alsaq, hələlik bunu bir müddət davam etdirmək olar".

N.Cəfərli hesab edir ki, artıq hökumət üzən məzənnə rejimi ilə bağlı düşünməlidir: "Amma heç bir zəmanət yoxdur ki, biz bu ilin sonunda və ya gələn il neft -qaz qiymətlərinin enməsini müşahidə etməyəcəyik. Belə olsa Azərbaycan manatına da birbaşa təsir göstərə bilər. Ona görə də hökümət üzən məzənnə rejiminin konturları haqqında düşünməlidir. Mərkəzi Bankla birgə gec-tez üzən məzənnəyə keçəcəyik, bunun başqa yolu yoxdur.  Ancaq onun alt yapısı ilə bağlı indidən işlər görülməlidir ki, zaman yetişəndə hazırlıqsız yaxalanmayacaq". 

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti