Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşları İran tərəfindən “arzuolunmaz şəxs” elan edilərək ölkədən çıxarılıb. Azərbaycan XİN də yayılan məlumatı təsdiq edib və verilən açıqlamada qeyd olunub ki, ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir.
Bəs bütün bunlardan sonra İran-Azərbaycan münasibətləri hansı istiqamətdə davam edəcək? İranın son vaxtlar münasibətlərin normallaşması istiqamətində atdığı addımlardan sonra diplomatların ölkədən çıxarılması kimi bir radikal qərar verməsinin, zaman-zaman Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanı hədələməsinin arxasında nə durur?
Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, İranın Azərbaycan siyasəti, ölkəmiz müstəqillik əldə etdikdən sonrakı dövrdə demək olar ki, dəyişməyib: "Azərbaycan torpaqları işğal altında olduğu dövrdə, İranla 132 km-lik sərhəd zolağımız faktiki olaraq erməni işğalında olduğu dövrdə də, ermənilərə dəstək verməklə gündəmə gəlib. Azərbaycanın müstəqilliyini, güclənməsini heç cür həzm edə bilməyibdir. Açıq-aşkar, gizli düşmənlərimizə dəstək verməkdə davam edibdir".
A.Əlizadə vurğulayıb ki, bu illər ərzində İrandan Azərbaycana yalnız, yalnış İslam təfəkkürü, narkotik ixrac olunubdur: "Bir də İran Azərbaycan ərazisində öz agentura şəbəkəsini qurmaqla, bununla da ölkəmizin əsaslarını sarsıtmaq, zədələmək siyasəti yürüdüb. Sadəcə 44 günlük müharibədən, torpaqlarımız işğaldan azad olduqdan, Azərbaycan daha da güclənəndən, regionun əsas söz və güc sahibinə çevriləndən sonra, bütövlükdə İranın düşmən siyasəti aşkar şəkildə üzə çıxdı. Azərbaycan cəmiyyəti bundan xəbərdar oldu. O da sirr deyil ki, düşmənin bu illər ərzində özünün işgalçılıq siyasəti nəticəsində blokadada qalması dövründə belə, ermənilərin ayaq üstə durmasında, qondarma dövlətin, rejimin qalmağında, İranın hazırki fars, molla rejiminin xüsusi xidməti olub".
A.Əlizadənin fikrincə, təsadüfi deyil ki, ötən ayın əvvəllərində Azərbaycan İranın buradakı səfirliyinin dörd əməkdaşını diplomatik fəaliyyətinə uyğun olmayan davranış göstərmək səbəbi ilə "persona-non grata" elan etdilər və ölkədən çıxardılar: "Bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə teror hücumu olmuşdu. Bu da İran rəsmiləri tərəfindən lazımi səviyyədə araşdırılmadı və terrorçunu gizlətdilər, bir qəhrəmana çevirdilər. Əvvəlcə onun pisxoloji vəziyyətinin yerində olmadığı ilə bağlı yalnış məlumatlar ötürməyə başladılar. Halbuki SEPAH-ın, İranın xüsusi xidmət orqanlarının bilavasitə dəstəyi ilə həyata keçirilmiş bu terror aktı heç bir halda İran rəsmiləri tərəfindən etiraf olunmadı. Buna cavab olaraq Azərbaycan Tehrandakı səfirliyini faktiki olaraq bağladı. Yalnız Təbrizdə konsulluğumuz fəaliyyət göstərir.
İran son dövrlərdə ara-sıra Azərbaycanla guya münasibətlərin normallaşmasında maraqlı olduğunu rəsmilərinin dili ilə bildirsə də, əslində bu açıqlamalarında qeyri-səmimi olduğunun fərqində olmuşuq. İranın, Azərbaycan siyasətinin dəyişmədiyinin fərqindəyik. Dünən İran tərəfinin, Azərbaycanın dörd səfirlik əməkdaşının ölkədən çıxarılması ilə bağlı "persona-non grata" edilməsi ilə bağlı verdiyi qərar əslində, İran-Azərbaycan münasibətlərinin pisləşməyə doğru getməsinə daha bir sübutdur. Münasibətlərin bu həddə korlanmasında birmənalı olaraq, İranın hazırkı fars-molla rejiminin "xidmətləri" böyükdür. Azərbaycan təbii ki, İranla normal qonşuluq münasibətlərinin qurulmasında maraqlıdır. Ən azından bizim orada 40 milyona yaxın soydaşımız yaşayır. İran münasibətlərində qeyri-səmimidir, işğalçı tərəfə dəstək verməkdə davam edir, bizim İranda yaşayan 40 milyon soydaşımızın elementar insan hüquqları qorunmur. Azərbaycana qarşı bu cür düşmən mövqeyində qalmağa davam edir. Təbii ki, belə halda münasibətlərin normallaşmasından söhbət belə gedə bilməz. Amma regionda və İranın daxilində baş verən proseslər buna ümid yaradır ki, fars molla rejimi tezliklə çökdürüləcək. Nəhayətdə İrana yeni bir nəfəs gələcəyi gözlənilir. Bundan sonra münasibətlərin normallaşmasından söhbət gedə bilər".
A.Əlizadə əlavə etdi ki, bizim əsl hədəflərimizdən bir də, İran adlanan dövlətin ərazisində yaşayan soydaşımızın hüquqları, bu hüquqların beynəlxalq müstəvidə qorunması, nəhayət ki, azadlıq əldə etmələridir: "Bu istiqamətdə də Azərbaycan dövləti, xalqı olaraq fəaliyyət göstərməliyik. Münasibətlərin normallaşmasına gəldikdə isə təbii ki, bir daha deyirəm, biz İranla qonşu dövlət olaraq münasibətlərin normallaşmasında maraqlıyıq. Qarşı tərəf əgər bu cür düşmən siyasəti yürüdürsə, heç bir normallaşmadan söhbət gedə bilməz. Yalnız bu rejim dəyişəndən, İranda yeni mühit formalaşandan sonra, münasibətlərin normallaşmağından danışmaq mümkündür".
Ayna Fərhad,
Sitat.info