Heydər Əliyev və müasir məhkəmə-hüquq sistemi

14:48 9 May 2023

Ulu Öndər Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin banisi güclü, qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi də məhz dahi öndərin adı ilə bağlıdır.

Bu fikirlər Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Tofiq Paşayevin “Heydər Əliyev və müasir məhkəmə-hüquq sistemi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Heydər Əliyevin bilavasitə müəllifliyi ilə hazırlanaraq 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə həm də məhkəmə-hüquq islahatlarının əsası qoyulub.

Hüquqi islahatlara müstəsna əhəmiyyət verən Ulu Öndər tərəfindən Hüquq İslahat Komissiyası yaradılıb, qısa müddətdə demokratik prinsiplərə əsaslanan yeni qanunlar və məcəllələr hazırlanaraq qəbul olunub. “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar məhkəmə hakimiyyətinin müstəqil fəaliyyətinə təminat verib.

“Məhkəmələr və hakimlər haqqında” qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi, hakimlərin siyasətsizləşdirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddi və sosial təminatları nəzərdə tutulub, məhkəmələr və hakimlərlə bağlı məsələləri həyata keçirən Prezident yanında Məhkəmə-Hüquq Şurası yaradılıb.

İslahatlar nəticəsində 2000-ci ilin sentyabrında Azərbaycanda yeni - birinci, apellyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi bərqərar edilib. Ulu Öndərin başladığı köklü islahatlar nəticəsində müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilib.

Bu gün fəxarət hissi ilə deyə bilərik ki, bütün sahələrdə olduğu kimi Ulu Öndərin əsasını qoyduğu məhkəmə-hüquq islahatları da onun layiqli davamçısı tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə məhkəmə hakimiyyətinin inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılıb, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilib, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülüb. İslahatların ən mühüm cəhəti isə Məhkəmə-Hüquq Şurasının Avropada ən mütərəqqi təcrübələrə əsaslanaraq məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı kimi yenidən təsis edilməsi olub.

Məhkəməyə əlçatanlığın məhkəmə sisteminin quruluşundan, xüsusilə ixtisaslaşdırılmış və regional məhkəmələrin fəaliyyətindən çox dərəcədə asılı olduğu nəzərə alınaraq, dövlət başçısı İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzalanmış 2006-cı il 19 yanvar və 2010-cu il 15 iyul tarixli fərmanlarla bu sahədə islahatlar davam etdirilib. Regionların sosial-iqtisadi inkişafı şəraitində ölkə başçısının tapşırıqlarına uyğun olaraq bölgələrdə yaşayan insanların məhkəmələrə çatımlığının yaxşılaşdırılması məqsədilə 2006-cı ildə respublika apellyasiya və iqtisad məhkəmələrinin əvəzinə 6 regional apellyasiya, habelə əlavə 3 yerli iqtisad məhkəməsi təşkil edilib. 2010-cu ildə isə yeni regional ağır cinayət məhkəmələri yaradılıb, hərbi məhkəmə sistemi təkmilləşdirilib. İlk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilərək, 2011-ci ildən dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayan inzibati məhkəmələr fəaliyyətə başlayıb. Apellyasiya və kassasiya instansiyaları məhkəmələrində isə müvafiq məhkəmə kollegiyaları formalaşıb.

Apellyasiya məhkəmələri qanunvericilikdə nəzərdə tutulan səlahiyyətləri çərçivəsində ədalət mühakiməsini həyata keçirir, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində təmsil olunurlar.

Hakimlərin məsuliyyət hissinin artırılmasında apellyasiya məhkəmələri prinsipial və təsirli mövqe göstərir, hakimlərin fəaliyyətinin qiymətləndirilməsində iştirak edirlər. 2022-ci ilin iyulun 25-də regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş Şuşa konfransı baş tutub. “Şuşa İli” çərçivəsində keçirilmiş bu konfransda apellyasiya məhkəmələrinin ötən dövrdə ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolu qeyd olunub.

Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Sərəncamı isə bu sahədə ötən illərdən başlanmış islahatların uğurlu davamına etibarlı zəmin yaradır. “Elektron məhkəmə” sistemi vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik və işlək mexanizmlər əsasında qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında qanunvericiliyin tələblərinə tam riayət olunmasına imkan yaradır, operativliyi və şəffaflığı maksimum dərəcədə təmin edir.

Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” digər, 2019-cu il 3 aprel tarixli Fərmanı isə ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqinə, ümumilikdə məhkəmə icraatının effektivliyinin yüksəldilməsinə rəvac verib.

Həmçinin Fərmanda məhkəmə fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi, hakimlərin təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması ilə bağlı ciddi və konkret tədbirlərin müəyyən edilməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə, ədalət mühakiməsinin effektivliyinə və əlçatanlığına, vətəndaş məmnunluğuna xidmət edir.

Dövlət başçısının sosial ədalətə əsaslanan islahatlarına, eləcə də birinci xanım Mehriban Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür. Bütün bu işlər vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasına, onlara yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, şəffaflığın artırılmasına, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə yönəlib.

Prezidentin tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq son illər paytaxtda və bir sıra rayonlarda müasir tələblərə cavab verən 40 yaxın məhkəmə üçün yeni, müasir binaların, o cümlədən apellyasiya məhkəmələrinin fəaliyyət göstərdiyi Şəki və Sumqayıt Məhkəmə Kompleklərinin istifadəyə verilməsi məhkəmə-hüquq sistemində görülən ardıcıl tədbirlərin tərkib hissəsidir.

Dövlət başçısı 2021-ci ilin sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışında iştirak etmiş, yaradılan şəraitlə tanış olmuşdur. Bir neçə gün sonra isə məhkəmə kompleksi ictimaiyyətə təqdim olunmuş, deputatların, vəkillərin, qeyri-hökümət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və digər qurumların nümayəndələri üçün media-tur təşkil edilmişdir. Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən Məhkəmə Kompleksi altı məhkəməni - Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir. “Bir qapı” prinsipi ilə fəaliyyət göstərən, inzibati və ictimai zonadan ibarət məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edir. 24 məhkəmə zalında "Elektron məhkəmə" informasiya və şəffaflığın təmin edilməsi üçün "Femida" sistemləri quraşdırılıb.

Kompleksdə 50-dək hakim, ümumilikdə isə 240 işçi fəaliyyət göstərir. Ötən ildə Kompleksdə 24 mindən artıq işə baxılıb ki, bu da yurisdiksiyasıya aid məhkəmələrdə baxılan işlərin təxminən yarısına bərabərdir. Yaradılmış şərait nəticəsində Sumqayıt Apellyasiya Məhkəməsində cinayət işlərinə videobağlantı formatında baxılır. Kompleksdə fəaliyyət göstərən birinci instansiya məhkəmələri də bu təcrübədən uğurla istifadə edirlər. Müasir çağırışlara uyğun yaradılan şəraitə və göstərilən xüsusi qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq ifadə edirik.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yol, onun vəsiyyəti daim müdrik xalqımızın ümid və istinadgah mənbəyi olaraq qalır. Dövlət başçısının uğurla davam etdirdiyi bu islahatların şahidi və iştirakçısı olmaq xüsusi qürur hissi yaradır və üzərimizə böyük məsuliyyət qoyur.

Əminliklə deyə bilərik ki, məhkəmə-hüquq sistemində aparılan islahatlar məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti daha da müasirləşdirilməsinə, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksəldilməsinə, ədalət mühakiməsinin daha çevik, işlək və obyektiv mexanizmlər əsasında həyata keçirilməsinə zəmin yaradıb./ AZƏRTAC



Xəbər xətti