Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə, onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edilir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, daim azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Bu gün müasir müstəqil, qalib Azərbaycanın uğurlarından, yeni-yeni hədəflərə doğru inamla irəliləməsindən fəxrlə bəhs edirik. Azərbaycan təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir. Təbii ki, bu uğurlar böyük səylərin, qətiyyətin nəticəsidir. Müstəqillik tariximizin ayrı-ayrı dövrlərini tarixi paralellər əsasında müqayisəli təhlil etdikdə Lider amilinin hər bir ölkənin həyatında əhəmiyyətli rol oynadığı aydın şəkildə görünür. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar yaddaşlarda, həmçinin tariximizin faciəli səhifəsi kimi daim vərəqlənməkdədir. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Təəssüflər olsun ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən ünsürlərin idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimiyyət uğrunda gedən mübarizə, şəxsi ambisiyaların dövlət maraqlarını üstələməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Eyni zamanda, Silahlı Qüvvələrin torpaqların deyil, ayrı-ayrı qrupların maraqlarına xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Bütün bu yaşananlar xalqın sabaha ümidini itirmişdi. Belə bir çətin məqamda xalq ayağa qalxaraq xilaskarını-Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalqının, ölkəsinin taleyinə biganə qalmayan Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni bir dövr başladı.
Sitat.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycanın gələcək taleyi baxımından həlledici rola malik olan “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək uğurlarına yol açan mühüm addımlar atdı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və nüfuzu ilə seçilmişdir. Ümummilli Lider Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.
Deputat bildirib ki, Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilib. “Ümummilli Lider dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərmişdir. Onun düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı, erməni yalanları əsaslı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Keçmiş qaçın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı hazırlanan Proqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Ulu Öndər daim onların məskunlaşdığı ərazilərə baş çəkir, xarici səfərləri zamanı onların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin dövlət başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu. Bütün bu addımların əsasında Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olan Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, problemin həlli üçün möhkəm hüquqi bazanın yaradılması dayanırdı”, - deyə o qeyd edib.
Malik Həsənov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanın bütün sahələrdə qazandığı uğurların məntiqi nəticəsi isə tarixi ədalətin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi oldu. Ölkəmizin son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurların miqyası ölçüyəgəlməzdir.Tarixi Qələbəmiz, dövlət başçısı İlham Əliyevin Zəfərin memarı kimi nüfuz qazanması görülən işlərin zirvəsidir. Rəşadətli Ordumuz döyüş meydanında qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək 44 gündə torpaqlarımızı işğaldan azad etdi. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcı oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzur müasir tələblərə uyğun olaraq yenidən qurulur, bərpa edilir. Soydaşlarımızın torpaq həsrətinə son qoyularaq artıq onların mərhələli şəkildə Böyük Qayıdışı həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ona göstərilən inamı və etimadı doğrultdu, dahi şəxsiyyətin vəsiyyətini yerinə yetirdi. Qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə yeni zəfərlərə doğru irəliləyəcək./ AZƏRTAC