Natiq Cəfərli Konstitusiya islahatlarından danışdı: "Xankəndidə mer seçkiləri olacaqsa..."

16:56 18 May 2023

"Laçında bizim sərhəd keçid məntəqəsinin qurulması həm də Ermənistan üçün sərfəlidir. Ermənistan üçün ona görə sərfəlidir ki, Zəngəzurda açılacaq yolda ruslar ermənilərə post qoymağa imkan verməzdi. İndi bir presedent yarandı. Bu presedentə görə ermənilər də, Zəngəzur yolunda ruslarla paralel və yaxud da ruslardan öncə öz postlarını qura biləcəklər. Bunun üçün çox çalışırdılar və strateji hədəf kimi baxırdılar".

Sitat.info xəbər verir ki, bu sözləri Sitat  TV-nin efirində iqtisadçı ekspert, Real Partiyasının icraçı katibi Natiq Cəfərli deyib. 

Biz indi nə etməliyik sualına gəlincə, N.Cəfərli vurğuladı ki, əslində danışıqlar intensivləşib: "Uzun zamandır bir susqunluq yaşanırdı. Vaşinqton görüşlərindən sonra görünən odur ki, proseslərin sürəti artır. Sürətin artmağının bir çox səbəbləri var. Mənə elə gəlir ki, sürətin Qərb, Brüssel-Vaşinqton tərəfindən bu qədər artırılmasının səbəbi Moskvanın və Kremlin getdikcə daha çox içinə qapanması və o problemlər içində qalması, Ukrayna məsələsi, hətta hakimiyyət davasının işartıları, Priqojinin hərəkətləridir. Bu tip məsələlərə görə Brüssel də görür ki, məqam yetişib. İndi rusların demək olmaz ki, heç bir müdaxiləsi  yoxdur. Mümkün deyil ki, olmasın, olacaq. Rusların maraqları hələ də var. Mövqelərini müdafiə edəcəklər, amma əvvəlki kimi deyil".

Ekspertin fikrincə, indi tərəflər çalışırlar ki, hansısa bir çərçivə sazişi imzalansın və o sazişdə qət edilmiş yol qeyd olunsun: "Buarda yeganə  ciddi müzakirə olunacaq məsələlərdən biri Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının gələcək taleyidir. Ermənistan buna beynəlxalq status istəyir. Daha doğrusu, qondarma rejimə əvvəl status və müstəqillik istəyirdilər. Artıq ondan əl çəkiblər. Hətta Azərbaycan daxilindəki statusdan da əl çəkiblər. Orada yaşayan əhalinin təhlükəsizliyinə beynəlxalq zəmanət istəyirlər. NATO, Avropa Birliyi və ya BMT gəlsin, oradakı təhlükəsizliyə zəmanət versin. Azərbaycan haqlı olaraq bunu da qəbul etmir. Çünki öz vətəndaşımızdır, öz ərazimizdir. Bu Balkan planının çox fərqli bir  variantı kimi qarşımıza çıxa bilər. Haqlı olaraq Azərbaycan buna etiraz edir".

N.Cəfəli vurğuladı ki, artıq indi bizim  atmaq istədiyimiz addımların bir yol xəritəsinin qarşı tərəfə bildirilməsi zamanıdır: " Qarabağda və ətrafında yaşayan erməni əsilli azərbaycanlılar var. Sən öz vətəndaşlarına dövlət olaraq hansısa zəmanətlərin verilməsinə başlamalısan. Bu da Konstitusiyadan başlayır.   İndi deyə bilərlər ki, Qubada, Şamaxıda, Gəncədə yaşayanlarla Xankəndiə yaşayanların nə fərqi var? Fərqi ondan ibarətdir ki, ciddi bir münaqişə olub, 35 ilə qədər davam edən bir münaqişə var. Bunun keçmişi, tarixi də var. Azərbaycanın da imzaladığı konvensiyalar var. Məsələn,  yerli özünüidarəetmə haqda konvensiya var ki, Avropa Şurasına daxil olarkən imzalamışıq. İcmalararası münasibətləri tənzimləyən konvensiyalar var. Azərbaycan bunları imzalayıb. Qarabağda yox, bütün Azərbaycan ərazisində o konvensiyalardan irəli gələn bəzi müddəaları elan etmək lazımdır. Həm yol xəritəsi kimi, həm də erməni əsilli vətəndaşlarımıza mesaj kimi. Məsələn, Xankəndidə mer seçkiləri ilə bağlı mesaj olarsa,  təbii ki bu məsələ  Bakıya, Gəncəyə, Şəkiyə , ölkənin bütün böyük şəhərlərinə aid olacaq. Bu yeni Konstitusiya islahatlarında öz əksini tapacaq".

Ayna Fərhad,

Sitat.info



Xəbər xətti