Media savadlılığı niyə vacibdir: İnformasiya axınında "sağ" qalmaq...

12:36 4 Aprel 2024

Hazırda günümüzün ən güclü silahı mediadır. Media dedikdə biz sadəcə kütləvi informasiya vasitələrini deyil, məlumat xarakterli hər bir predmeti nəzərdə tuturuq. Bura televiziya, radio, qəzet və jurnallarla yanaşı küçə sənəti, reklamlar, sosial şəbəkələr, məktublar, filmlər, musiqilər, rəsmlər və s. aiddir. 

Savadlılıq isə ötürülən informasiyanı, mətni oxumaq, təhlil etmək, ondan müəyyən nəticə çıxartmaq qabiliyyətidir.

Media savadlılığı kommunikasiyanın bütün sahələrindən istifadə edərək hər gün rastlaşdığımız və müasir cəmiyyətdə böyük rol oynayan informasiyanı (səs, görüntü, mətn) əldə etmə qabiliyyəti, onun gücünü qiymətləndirmək, təhlil etmək, onunla düzgün davranmaq kimi anlaşılır. 

Media savadlı şəxs media mesajlarını deşifrə edərkən tənqidi mövqe nümayiş etdirə bilir, medianın ona ötürdüyü informasiyanı təhlil edir və ondan düzgün faydalanır.

Media savadlı olmaq üçün, şəxs tənqidi düşünməli, manipulyasiyalara aldanmamalı, özünə və ətrafına şüurlu bir şəkildə yanaşmalı, medianın ötürdüyü məzmuna şübhə ilə baxmalı, əldə etdiyi məlumatları etibarlı mənbədən almalı, məlumatda rəsmi mövqelərə, şahidlərin ifadələrinə diqqət etməli, hadisəyə mümkün qədər fərqli baxış bucaqlarından yanaşmalıdır. 

Müasir dünyada araşdırma edən, mütaliə edən, öyrənən şəxs informasiya axınında sözlərin təsirinə düşməməli, mövcud vəziyyətdə gərəkli olan aktual, düzgün və vacib məlumatları seçməyi bacarmalıdır.

Belə olduqda şəxs ona ötürülən mesajları düzgün başa düşəcək, saxta xəbəri düzgün xəbərdən ayırd edə biləcək. 

Amerikalı yazar Mark Twain deyir: "Doğru ayaqqabılarını bağlayana qədər yalan dünyanı üç dəfə dolaşır".

Medianın cəmiyyətə təsirləri də olduqca əhəmiyyətlidir. Onun həm müsbət, həm də mənfi təsirləri var. 

Müsbət təsirləri davranış və inanclarımıza, biznes maraqlarımıza, vətənpərvərlik hisslərimizə, duyğusal ehtiyaclarımızın ödənilməsinə, ünsiyyət və özünü inkişafa yönəltməsidir. 

Mənfi təsirlərinə isə aqressiya və zorakılıq, vaxtın düzgün nizamlanmaması, kiber təhlükə, asosiallıq və s. göstərmək olar.

Yekun olaraq deyə bilərik ki, media savadlı şəxs heç bir məlumatı sual olmadan, sorğulamadan qəbul etməməli, tənqidi düşüncəni tətbiq etmək bacarığını təkmilləşdirməli, hər zaman öyrənməyə davam etməlidir. Unutmayın, daha çox media savadlı olmaq, daha az dezinformasiyalara aldanmaq deməkdir.

Kənan Yusif



Xəbər xətti