"44 günlük müharibədən sonra Ermənistanın təhlükəsizlik konsepsiyası çöküb. Ermənistanın bu gün ən böyük problemi təhlükəsizliklə bağlıdır. Ermənistan hazırda sülh və təhlükəsizlik dilənçisinə çevrilib. Hər addımında, hər gördüyü üçüncü, beşinci dərəcəli diplomata belə təhlükəsizliklə bağlı müraciət edib ondan imdad diləyir. Hələ heç havadar dövlətləri demirəm".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə belə olan halda maraqlı bir mənzərə yaranır: "Bir yandan Rusiyanın iştirakından qeyri-məmnuniyyət ifadə olunur, bir yandan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Zəngəzur dəhlizinin nəzarətinin ruslara verilməyəcəyini elan edir, bir tərəfdən isə öz ərazilərində əlavə hərbi obyektlər tikilməsinə icazə verirlər. Bu bir daha onu göstərir ki, Ermənistan Azərbaycanla olan sərhədlərini yavaş-yavaş rusların nəzarətinə verir. Bunlar prosesin görünən tərəfidir. Lakin iki il əvvəl qəbul edilən 7 hərbi obyektin tikintisi üçün torpaq ayrılmasına dair qərardan sonra Ermənistan öz ərazisinə Avropa İttifaqının müşahidə missiyasını göndərdi. Bu ilk dəfə daha kiçikmiqyaslı və silahsız missiya idi. Buna biz də icazə vermişdik. İkinci dəfə isə yeni bir missiya gəldi. Artıq orada 15 nəfər alman polisi, 8 nəfər fransız jandarmı var idi. Hər halda ki, bu silahlı bir missiya idi və Avropa İttifaqının Ermənistanda ilkin yerləşməsinə aid ediləcək bir addım idi".
Hərbi ekspert açıqlamasında deyib ki, Ermənistan bir yandan avropanı çağırır. Əvvəlcə Avropadan gələn missiya 3 dayaq məntəqəsində yerləşmişdi. İndi isə bu missiya 6 dayaq məntəqəsində yerləşir: "Bir yandan Rusiyanın 7 hərbi obyekt inşa etməsinə icazə verirlər. Bir yandan isə İran artıq proseslərə daxil olub".
Ə. Verdiyev qeyd edib ki, sonda bu proseslər bəlkə də bir il və ya iki il sonra Rusiya, Aİ, ABŞ, İran arasında bir toqquşma poliqonuna çevrilə bilər: "Yəni Ermənistan çox yaxınlıq etdiyi Suriyanın taleyini yaşaya bilər. Bunun üçün hazırda Ermənistanda olan hakimiyyət əlindən gələni edir. Doğrudanmı indiki vəziyyətdə Rusiyanın bütün Qərblə münasibətlərinin ən pis olduğu bir dövrdə Ermənistanda hesab edirlər ki, eyni ərazidə rus hərbi obyektləri və Aİ-nin silahlı missiyası biri-birini rahatlıqla həzm edəcək, ortaya hər hansı bir insident çıxmayacaq? Adətən münaqişələr belə kiçik elementlərdən və uzaqgörənliyi olmayan addımların atılması ilə başlayır. Buna dair kifayət qədər ciddi faktlar var ki, iki əsgərin biri-biri ilə sözlərinin çəpləşməsi sonunda silahlı toqquşmaya, bəzən isə müharibəyə gətirib çıxarır. Hazırda eyni vəziyyət təhlükəsizlik konsepsiyası darmadağın olan Ermənistanı da gözləyir. Bu əslində onların daxili işidir. Bizim üçün vacib olan ərazilərimizin ermənilərdən təmizlənməsi və Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və sülh sazişinin imzalanmasından ibarətdir".
Seymur Bənnayev
Sitat.info