"Dünən İran prezidenti Cənubi Azərbaycana gəlib, şərqi Azərbaycan ostanlığına -Təbrizə baş çəkib, orada müəyyən açılışlar edib. Mən görürəm ki, onun işlətiyi ifadələr çox diqqətlə seçilib, çox yumşaq və mülayim bir tonda danışır. O qeyd edir ki, Azərbaycan Respublikası bizim qonşumuzdur, onlarla normal münasibətlər qurmalıyıq. Dünənə qədər Bakı respublikası deyirdi. Daha sonra əlavə edib ki, Şərqi və Qərbi Azərbaycanın inkişafı üçün əlavə vəsait ayırmalıyıq. Artıq əvvəlki ritorika yoxdur, mülayim ritorika üstünlük təşkil etməyə başlayıb. İndi bunun arxasında hiylə varsa, onu da görəcəyik. Əgər səmimidirlərsə, bu da çox gözəl gedişat olar. Nəticədə diplomatik münasibətlərin qaydaya düşməsinə, Tehrandakı səfirliyimizin işə başlamasına şərait yarana bilər".
Bu sözləri politoloq Qabil Hüseynli Sitat.info-ya açıqlamasında deyib.
O bildirib ki, əsas məsələlər Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında gedir: "Mən bu arada Türkiyə prezidentinin ölkəmizə səfərini çox uğurlu səfər adlandırıram. Azərbaycan-Türkiyə münasibətləri bu səfərdən sonra daha da möhkəmlənəcək və daha güclü strateji məqsəd daşıyacaq. Dünyada misli görünməmiş müttəfiqlik əlaqələri daha möhtəşəm bir səviyyəyə qalxacaq. Bu səfərdə Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğu da qeyd olundu".
Politoloq bildirdi ki, Rusiya razılıq verən kimi, Zəngəzur dəhlizi məsələsi həllini tapdı: "Nəyə görə bu məsələnin düyünü bir gündə açıldı? Deməli Rusiyanın fırıldağı idi. Bu işlərə Rusiya mane olurdu. Rusiya baş nazirinin müavini Overçukun iştirakı ilə keçirilən 9 saatlıq görüşdə bütün məsələlər açıldı. Yol da açılır, dəmiryolu da çəkilir. Dəmiryolunun Mehri rayonu ərazisindən keçən hissəsini Ermənistan öz üzərinə götürür. AB dərhal səs verdi ki, xəttin çəkilməsi üçün lazım olan 200 milyon dollar vəsaiti biz ayırırıq. Ermənistana ayrılan 2,6 milyard avroluq tranşın ilk mərhələsini həyata keçiririk. Bölgədə bütün logistik xətlərin mərkəzində Azərbaycan dayanır. Məhz Azərbaycanın həyata keçirdiyi layihələr əsasında bu xətlər işə düşür".
Q.Hüseynli qeyd etdi ki, bu dəhliz İran üçün böyük perspektivlər açır: "İran dünənə qədər Ermənistanın içindən dəmiryolu xətti çəkirdi, gedib Qara dənizə Gürcüstan ərazisindən çıxmaq istəyirdi. Zəngəzur dəmiryolunun açılacağı dəqiqləşəndən sonra hər şey sakitləşib. İran indi Culfadan istifadə edərək Ermənistan dəmiryollarına çıxacaq. Oradan ya Qars vasitəsilə , ya da Gürcüstan dəmiryollarına qoşulmaqla öz yükünü Avropaya göndərəcək. İranın xarici ticarətində ən böyük istiqamət Avropadır və əlaqələr dəniz üzərindəndir, çox böyük vəsaitlər xərclənir. İndi İran bacadan düşmüş kimi bu Zəngəzur dəhlizindən istifadə edəcək. Daim əleyhinə çıxış etdikləri xətt sən demə ən çox İrana lazım imiş..."
Nərgiz,
Sitat.info