Dünya ərzaq qıtlığı təhlükəsi ilə üz-üzə: Azərbaycan bundan necə yayına bilər?

17:15 25 İyul 2023

"Hardasa 5-10 il əvvəl karbohidrogen erasının başa çatmasından danışanda, tək dərdimiz idxalımızı qarşılamağımızla bağlı idisə, indi isə vəziyyət o da deyil - qida qıtlığına doğru gedirik. Bu yaxınlarda Rusiya "taxıl sazişi"ni iptal etdi, nə qədər vaxt davam edər və ya heç sazişə qayıdar-qayıtmaz, bilinmir.  O biri tərəfdən də Hindistan düyü ixracına məhdudiyyət tətbiq edib. Olmağına, biz buğdanı Rusiya və Qazaxıstandan alırıq, amma ehtimal ki saziş bərpa olunmasa ciddi təsirini hiss edəcəyik bizdə. Düyü məsələsi də bizim işi bir az da qəlizləşdirir, çünki ölkəyə gətirilən düyünün 80%-i Hindistandan tədarük olunur.
Azərbaycan cəmiyyətinin gündəlik təlabat səbəti daha çox kalorisi aşağı və ucuz məhsullardan (məsələn, çörək) ibarətdir, bunu minimum istehlak səbətinə də baxanda görəmək olur. Lüks olmamasına rəğmən, hətta bu məhsullarla da daxili təminetmə tam deyil - buğda 60%, kartof 90%, makaron 50%, düyü 20%.
Yənisi, hər gün tapıb yediyimiz bir parça çörəyə, yaxud da yavan düyüyə də həsrət qalmaq ehtimalımız var".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Pünhan Musayev deyib. 

Bəs onda nə etməli? Ümid qalır kənd təsərrüfatına...

Pünhan Musayev bildirib ki, ümidlər doğrularmı, ya yox, mütləq nəsə demək çətindir: "
1. Rusiya təkcə taxıla yox, gübrəyə də qadağalar tətbiq edib. Ya bahaya alarıq, ya da əvəzedicisini tapıb qida təhlükəsizliyini riskə atarıq.
2. Su ehtiyatlarımız məhdud, suvarma sistemlərimiz də effektiv olmadığından götürülən suyun 1/3 hissəsi itkiyə gedir.
3. Əmək qüvvəsi tapmaq çətinləşir. Gənclər əsasən şəhərə qaçır, yaşlı nəsil də öhdəsindən gələ bilmir.
4. Sektorlararası müqayisədə k/t-ına verilən kreditlər digərlərilə müqayisədə çox aşağıdır.
Bir sözlə, su yox, işçi yox, gübrə yox, pul yox, bəs necə istehsal etməli?!".

İqtisadçı ekspert günəş enerjisi ilə işləyən suvarma sistemlərini təklif edir: "Şəklini paylaşdığım Günəş enerjisi ilə işləyən su nasosudur. Çox unikal və dövrə uyğun olan bu vasitə ucuz elektrik yaradır, izafi gübrə və günəş şüalarının qarşısını alır, suyun istifadəsini optimallaşdırır, əkinin üzərində təşkil olunmaqla əraziyə qənaət edir, xüsusi işçi qüvvəsi tələb etmir, 25-30 il müddətlə effektiv investisiya hesab olunur, hətta ucqar ərazilərdə belə asanlıqla quraşdırılır. Bir iş qalır ölkədə günəşli günlərin sayını və əraziləri müəyyən edib, ən vacib k/t-ı məhsullarının çeşidini formalaşdırıb istehsala başlamaq.

Yeri gəlmişkən, ilkin mərhələdə özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlara verilən istehsal avadanlıqları içərisində bundan olmasının ziyanı olmaz". 

Nərgiz,

Sitat.info



Xəbər xətti