Rusiyada Soçi görüşünə böyük ümid var: Yalnız Ərdoğan...

15:58 4 Sentyabr 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin bu gün Qara dəniz sahilində, Soçidə kritik görüş keçirəcək. İclasın gündəliyinin əsas məsələsi Taxıl Dəhlizi Sazişinin yenidən işlənməsi olacaq.

Digər tərəfdən, Rusiyada da vəziyyət stabil deyil. Vaqner üsyanı, rus kəşfiyyatı və muzdlularının Afrika ölkələrində baş verən üsyanlarla əlaqəsi,  Moskvanın Rusiya-Ukrayna müharibəsində yeni hərbi addımlar atacağına dair iddialar gündəmdə olan məsələlərdəndir.

Sitat.info xəbər verir ki, Rusiyada Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin keçmiş rəhbəri, ölkənin aparıcı xarici siyasət ekspertlərindən olan professor Andrey Zdroyevski  Haberglobal-a açıqlamasında baş verənləri dəyərləndirib.

Soçidə baş tutacaq Ərdoğan-Putin görüşünün Rusiyada ümidlə gözlənildiyini ifadə edən Zdroyevski son hadisələri belə şərh  edib: “Vaqner üsyanı Rusiyanın hərbi, kəşfiyyat və uzunmüddətli strategiyasında fikir ayrılıqlarını üzə çıxardı. Qərar qəbul edən mərkəz kimi Kremlin təsiri hələ də böyükdür, lakin həm Dumada,  həm kəşfiyyat, həm də Baş Qərargah-Müdafiə Nazirliyi səviyyəsində müxtəlif fikirlər var. Meydanda vəziyyət başqadır. Ukraynada cəbhədə olan bəzi əsgər və komandirlər Vaqnerin keçmiş lideri Priqojin kimi qəzəblidirlər. Bütün bu qərarsızlıq, qeyri-müəyyənlik yenidən siyasi məqsədin ortaya çıxması ilə tətiklənir. Gələn il Rusiyada ümumi seçkilər keçiriləcək və bürokratiyada heç kim Rusiyanı aqressiv və ya uğursuz göstərəcək hərbi və ya diplomatik addım istəmir. Kreml bu məsələdə qərarlıdır, digər tərəfdən mübarizə aparanlar indi bu vəziyyəti görürlər. Moskvanın bu planlaşdırılmış hərəkətliliyi seçkilərə qədər dəyişməz qalacaq”.

 Zdroyevski onu  da əlavə edib ki, Afrikada hərbi hərəkətlənmələr arta bilər: "Rusiyanın Afrikada hərbi fəaliyyətinin intensivləşməsi və geniştərkibli Afrika sammiti də digər variantları həyata keçirmək üçün atılan addımlar kimi qiymətləndirilməlidir. Burada taxıl müqaviləsində həllə nail olmaq mümkün olmasa, Rusiyanın hazırda istifadə etdiyi və İran-Hindistan üzərindən Afrika ölkələrinə qədər uzanan digər taxıl yolunun da təmin edilməsi arzu edilir. Digər tərəfdən, Rusiyanın Afrikadakı hərbi və kommersiya mövcudluğunun böyük hissəsi Vaqnerin təşəbbüsləri ilə qurulduğundan, Afrikada münasibətlərin artıq həm silahlı qruplaşmaların, həm də ölkələrin başçıları qarşısında Kreml tərəfindən idarə olunacağı göstərilir.   Ona görə də regionda Qərbə qarşı daha intensiv hərbi və siyasi fəaliyyətin şahidi ola bilərik”.
 
Zdroyevski  həmçinin bildirib ki, Rusiya ictimaiyyəti bu görüşə böyük ümidlə yanaşır: “Dünyada belə bir fikir formalaşıb ki, taxıl dəhlizi sazişi gələcəkdə Kreml tərəfindən siyasi alət kimi qəbul edilə bilər, lakin bu yanlışdır. Taxıl Dəhlizi Müqaviləsi Kremlin Qərbə ötürdüyü pas idi. Rusiyanın tələbləri yerinə yetirilərsə, xüsusən də onun banklarına qoyulan embarqoların ləğvi gerçəkləşərsə, Kreml tez bir zamanda bu razılaşmaya qayıtmağa hazırdır. Burada Türkiyənin konstruktiv rolu son dərəcə əhəmiyyətlidir. Qlobal diplomatiyanın ən kritik münaqişələrindən birinin yaşandığı bölgədə Türkiyə daha əvvəl dünya üçün belə əhəmiyyətli bir razılaşmaya vasitəçilik edib. Heç bir başqa ölkə həm Ukrayna, həm də Rusiya ilə bu üçtərəfli diplomatik əlaqələri qura bilməz. Bu səbəbdən deyə bilərəm ki, Rusiyada Ərdoğan və Putin arasında Soçi görüşünə böyük ümid var”.

Nərgiz,

Sitat.info



Xəbər xətti