"Regionda tamamilə yeni vəziyyət yaranıb. Faktiki olaraq 10 noyabr 2020-ci il razılaşması ilə bağlı şərait köklü dəyişib. Buna görə də Rusiya dırnaqarası sülhməramlılarının regionda qalması üçün səbəb ortadan qalxıb. Çünki artıq qarşı tərəf yoxdur. Rusiya "sülhməramlılarının" regionda yerləşdirilməsinin məqsədi erməni silahlı qüvvələrinin qalıqları ilə ,yəni "DQR"in özünümüdafiə ordusu ilə Azərbaycan silahlı qüvvələri arasında atəşkəs rejiminə nəzarət etmək idi. Qarşı tərəf, yəni erməni silahlı qüvvələrinin qalıqları çıxdığına görə, artıq sülhməramlı qüvvəyə ümumiyyətlə ehtiyac qalmayıb".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Sülhəddin Əkbər deyib.
O bildirib ki, ermənilərin regiondan çıxması sülhməramlıları da getməyə vadar edəcək: "Bu məsələni Rusiya da anlayır və bilir ki, artıq Azərbaycanın suveren ərazisində yerləşdirilən Rusiya Silahlı Qüvvələri regiondan çıxarılmalıdır. Mənə elə gəlir ki, Rusiya da əslində burada qalmaqda o qədər də maraqlı deyil. Çünki Rusiyanın başlıca marağı Azərbaycanın Qarabağ bölgəsində erməni əsilli sakinlərin qalması və onların təhlükəsizliyinə təminatçı kimi də öz silahlı qüvvələrini saxlaması idi. Amma bu arqumentdə artıq rusların əlindən çıxıb. Rusiyanın dövlət başçısının qeyd etdiyi kimi orada cəmi 1000 -1500 erməni sakin qalıb və bundan ötrü də artıq Rusiyanın sülhməramlı qüvvələrinə ehtiyac yoxdur. Olsa olsa, orada erməni əsilli sakinlərin kompakt yaşadığı ərazidə (yəqin ki, bu, əsasən Xankəndinin mərkəzində olacaq) Azərbaycan polisi ilə birgə polis funksiyasını həyata keçirən çox məhdud sayda kontingentə ehtiyac olacaq. Bu artıq Azərbaycanla Rusiyanın arasında gedən danışıqlardan asılı olacaqdır".
S.Əkbər vurğuladı ki, artıq Rusiya sülhməramlılarının əvvəlki 30 postunun mütləq əksəriyyəti ləğv olunacaq: "Artıq onların birbaşa nəzarətində olan ərazi yoxdur. Çünki bütün əraziyə Azərbaycan Silahlı Qüvvələri, yəni Azərbaycan Mərkəzi hakimiyyəti nəzarət edir. Ən pis halda sayı kəskin azalacaq, "sülhməramlıların" funksiyası dəyişəcək, onlar polis funksiyasını yetirəcək. Çox məhdud sayda və çox məhdud dairədə Azərbaycanla birgə polis funksiyasını yerinə yetirəcəklər. Bu da vaxt baxımından qısa müddət çəkəcək və biz böyük ehtimalla 2025-ci ilə qədər gözləməli olmayacağıq. Çünki Rusiyanın özünün Ukraynada yaranmış vəziyyətə görə bu yüksək döyüş hazırlıqlı, döyüş qabiliyyətli hərbi hissəyə ehtiyacı var. Orada rəsmi olaraq 1960, yəni 2000-ə yaxın silahlı qüvvə var. İndi buna Rusiyanın özünün ehtiyacı var. O baxımdan sülhməramlıların çıxarılması artıq danışıqlar predmetidir və Rusiya ilə Azərbaycan arasında, ola bilsin hətta danışıqlar da başlayıb. Yəqin ki, ruslar ilk növbədə orada məhdud sayda və Azərbaycanla birgə polis funksiyasını yerinə yetirən qüvvə saxlayacaq. Bunların da fəaliyyət dairəsi də çox dar olacaq. Əsasən Xankəndidə olacaqlar. Bir müddətdən sonra isə qalan hissə də tamamilə çıxarılacaq. Ola bilsin ki, ümumiyyətlə elə bir anlaşma əldə olunsun ki, müəyyən müddətdən sonra deyək ki, məsələn 1 yanvardan sonra o qüvvələr Azərbaycan ərazisini tərk etsin. 1 yanvar ona görə deyirəm ki, qondarma dövlət qurumları özünü 1 yanvarda buraxacağını bəyan edib. O baxımdan mənə elə gəlir ki, artıq bu məsələ Azərbaycanda sadəcə olaraq vaxt baxımından müəyyən nigarançılıq və narahatçılıq yaradır".
Siyasi şərhçi əlavə etdi ki, yaranmış geopolitik və regional vəziyyət indi bizə rusların orada qalmasının daha əlverişli variant olduğunu göstərir: "Əgər biz oradan rusları aktiv şəkildə təzyiq edərək çıxarmağa çalışarıqsa, o zaman BMT Təhlükəsizlik Şurası daimi üzvü olan Rusiya da Amerika Birləşmiş Ştatları və Fransa kimi bizə qarşı mövqe tutan dövlətlərlə birləşə bilər. BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə BMT Nizamnaməsinin yeddinci bölməsinə əsasən daha sərt, yəni yerinə yetirilməsi məcburi olan qərarlar çıxarmağa çalışa bilərlər. Yəni bu indiki halda müstəqil beynəlxalq müşahidə missiyasının Qarabağa göndərilməsində israr edən Amerika və Fransanı nəzərə alsaq, mənə hər halda ən yaxşı variant kimi Azərbaycan üçün BMT missiyasına qısa müddətli, müvəqqəti razılıq vermək və rusların ən azı yanvarın 1-ə kimi orada qalmasını təmin etməyini təklif edərdim. Bu bizi qeyd etdiyim siyasi, diplomatik informasiya, psixoloji savaş sahəsində qarşımıza çıxa biləcək təhlükələrdən bir növ sığortalaya bilər. Bu həm BMT-də , həm də Rusiyada bizə qarşı "etnik təmizləmə" böhtanlarının atılmasını çox çətinləşdirir. Bu baxımdan Azərbaycan cəmiyyətini mən çox yaxşı anlayıram. Çünki 10 illərdir biz bütün həyatımızın şüurlu hissəsini rus silahlı qüvvələrinin ölkəmizdən çıxarılmasına yönəltmişik və bu eləmişik. Ona görə biz də səbirsizliklə bunu gözləyirik . Amma indiki halda mənə elə gəlir ki, biz bir qədər də, ən azı bu ilin sonuna qədər səbr etsək, yaranmış vəziyyətdən daha az itki ilə, daha ağrısız çıxa bilərik".
Nərgiz Liftiyeva,
Sitat.info