" Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını ləngidən bir çox səbəblər var. O səbəblərdən biri Qarabağ problemi idi və artıq həll olub. İkincisi, ermənilərin işğalı nəticəsində Azərbaycana vurduğu ziyan və onun kompensasiyası məsələsidir ki, bu günə qədər hələlik müzakirə olunmayıb. Üçüncüsü, Azərbaycanın tarixi torpaqlarının taleyi məsələsidir. Yəni, söhbət Zəngəzurun, Dərələyizin, eləcə Göyçənin taleyindən gedir. Hansı ki, son 100 ildə rusların bilavasitə təzyiqi altında Azərbaycan bu torpaqları ermənilərə verməyə məcbur olmuşdu. Yəni, çox ciddi məsələlər var. Burada təkcə 6-7 anklav var, bunlar da elə bir əhəmiyyət kəsb eləmir. Əsas məsələ mən dediyim Zəngəzur, Dərələyəz və Göyçə mahalının taleyidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, ən ciddi məsələlərdən biri Qərbi azərbaycanlılarının Ermənistana reinteqrasiyasıdır: "Nə qədər Qərbi azərbaycanlılar Ermənistana reinteqrasiya etməyib, Ermənistanla Azərbaycan arasında bizim başa düşdüyümüz sabit və uzunmüddətli əməkdaşlıq mümkün deyil. Bizim ərazimizdə ermənilər yaşayacaq, amma Ermənistan ərazisində azərbaycanlılar yaşamayacaq? Bunu heç cürə qəbul etmək mümkün deyil. Ona görə də , Qərbi Azərbaycan məsələsi Ermənistan- Azərbaycan danışıqlarında, sülh müqaviləsinin imzalanmasında çox önəmli faktorlardan biri rolunu oynamalıdır".
S.Cəlaloğlunun fikrincə, ən vacib məsələ odur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mütləq iki dövlətin bilavasitə iştirakı ilə olsun: "Başqa üçüncü bir dövlətin bura müdaxiləsinə ehtiyac yoxdur. Amma danışıqları təşkil etmək üçün bölgədə marağı olan əsas dövlətlər - Rusiya və Türkiyənin bu prosesdə iştirakı düzdür. İndi Ermənistan daş atıb, başını tutur, Rusiyanı bütün bu danışıqlardan kənarda saxlamaq istəyir. Amma biz hamımız bilirik ki, hələlik Cənubi Qafqazda Rusiyanın bu və ya başqa mənada təsiri var. Türkiyəsiz də biz heç bir addım atmayacağıq. Ona görə də Şarın Mişelin təşəbbüsü ilə baş verən görüşdə, sülh müqaviləsinin imzalanması istiqamətində ciddi bir irəliləyiş gözləmirəm. O yerdə ki, Türkiyə və Rusiya yoxdur, orada çətin ki, belə bir sülh sazişi əldə edilsin".
Partiya sədri vurğuladı ki, Azərbaycannın da haqlı olaraq Türkiyənin bizim xalqımıza verdiyi dəstəyə görə, eləcə də strateji müttəfiqlik baxımından bu məsələdə iştirakını şərt qoyması ən düzgün bir məsələdir: "Həmişə bu sözü demişəm. Türkiyənin iştirak eləmədiyi hər hansı bir danışıqlar ciddi , real nəticə verə bilməz. Bu baxımdan mənə elə gəlir ki, Türkiyənin iştirakı mütləq təmin olunmalıdır. Əgər Türkiyənin iştirakı olmadan Avropada, Brüsseldə üçtərəfli bir görüş keçirilirsə, yenə də o görüşdən mən heç nə gözləmirəm".
Məğrur Salmanov,
Sitat.info