Ötən gün Ümid partiyasının sədri İqbal Ağazadə "Biz Cənubi Qafqaz birliyinin tərəfdarıyıq. Avropa Birliyinə yaxın modelin tərəfdarıyıq. Əgər tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyarsa, sülh müqaviləsi imzalayarsa, bundan sonra doğrudan da bu üç Cənubi Qafqaz respublikasının gerçək reinteqrasiyası başlayır. Cənubi Qafqaz respublikalarının imkanlarını və potensiallarını ortaya qoyub, yeni Cənubi Qafqaz respublikası yaratmalıdırlar. Barış, sülh və təhlükəsizlik içərisində yaşayan Cənubi Qafqaz birliyi yaratmalıdır. İmkanlarını birgə xərcləyən və sülh adasına çevrilə bilən Cənubi Qafqaz..." fikrlərini bildirmişdi.
ADP sədri Sərdar Cəlaloğlu sitat.info-ya açıqlamasında İqbal Ağazadənin səsləndirdiyi fikirlərə də münasibət bildirib, bu ideyanın köhnə və həyata keçirilməsi lazım olmayan bir ideya olduğunu bildirib:
"Bu ideya olduqca köhnə bir ideyadır. Bunu 1994-cü ildə ADP-nin birinci qurultayında da mən də irəli sürmüşəm ki, Qafqaz evi yaradılsın. Gürcüstan - Azərbaycan-Ermənistan bu evdə üç dövlət birliyi yaratsın. Amma bunu biz o vaxt deyəndə bölgədə və dünyada siyasət hələ dəyişməmişdi. İkinci dünya müharibəsinin nəticələri qüvvədə idi, Türkiyə kifayət qədər zəif bir dövlət idi. Hər hansı bir ərazidə özünün təsir dairəsini hətta düşünmürdü. Türk dövlətləri birliyinin yaradılması məsələsi gündəmdə yox idi. Eləcə də Qafqaz xalqları arasında dərin uçurumlar yox idi. Avropa və Amerika Qafqaz respublikaları ilə manipulyasiya aparmırdı. Bütün bunlardan sonra Qafqaz federasiyasının yaradılması, Qafqaz ölkələrini vahid bir birlik yaratması qeyri-mümkündür. Çünki, burada hər bir Qafqaz respublikası bir supergücün burdakı forpostu olacaq. Biz Türkiyə il qardaşıq, fransızlarla ermənilər qardaş olmağa çalışır, Gürcüstan da imkan olsa, Amerika ilə, ya da Avropanın hansısa güclü dövləti ilə müttəfiqlik edəcəkdir. Bu baxımdan bu dövlətlərin maraqları üst- üstə düşmədiyinə görə Cənubi Qafqazda bu üç xalqın vahid bir konfederasiya şəklində birləşməsi mümkün deyil. Bu köhnə bir ideyadır, bundan əvvəlki ikinci dünya müharibəsindən sonrakı geopolitik reallıqlar əsasında biz bunu irəli sürmüşdük, amma o reallıqlar dəyişib, artıq dünyada yeni bir geopolitik reallıqlar var. Eləcə də dünya nizamı dəyişməyə doğru gedir. Bütün bunları nəzərə alanda, bu ideya köhnə və həyata keçirilməsi lazım olmayan bir ideya kimi görsənir"
Seymur,
sitat.info