Gürcüstanın 3+3 platformasından kənarda qalma səbəbləri: ABŞ və Qərb dövlətləri...

14:56 27 Oktyabr 2023

"3+3 platformasının müəllifi təbii ki, Azərbaycandır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə formalaşıb və bölgə, region dövlətlərinin əməkdaşlıq platformasıdır. Rəsmi Bakı bununla bir növ dünyaya mesaj verir ki, bizim regionda baş verən hadisələri region ölkələri özləri müzakirə etməli, əməkdaşlıq formasını özləri seçməli və öz milli maraqlarını nəzərə alaraq konsepsiya əsasında formasında əməkdaşlıq edəcəklər. Budəfəki Tehran görüşü artıq bu platformanın gələcəkdə perspektivlərindən xəbər verir. Belə ki, birinci görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində  keçirilmişdisə, artıq bu görüş xarici işlər nazirləri səviyyəsində keçirildi və düşünürük ki, uğurlu da alındı. Yalnız Gürcüstanın iştirak etməməsi təbii ki, hər bir tərəfi məyus edir. Gələcəkdə Gürcüstan da qoşularsa, təbii olaraq bu  həm Gürcüstana qonşu dövlətlər üçün faydalı ola bilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib. 

O bildirib ki, Gürcüstanın iştirak etməməsinin səbəbi hər birimizə aydındır: "Rusiya ilə  olan münaqişə, Gürcüstanın torpaqlarının işğalda olması və həm də Gürcüstana olan beynəlxalq təzyiqlər əsas səbəblərdir. Gürcüstan əslində  Rusiya ilə həm ticari və digər sahələrdə əməkdaşlıq edir. Artıq son illər Gürcüstana gələn xarici turistlərin sayına görə siyahıya Rusiya  liderlik edir. Gürcü mallarının Rusiyaya ixrac olunması və onların çeşidinin artması, iki ölkə arasındakı ticarət dövriyyəsindəki artım dediklərimizə bariz  sübutdur. Lakin Gürcüstan belə məsələlərə qoşula bilmir. Çünki ABŞ başda olmaqla digər Qərb dövlətləri onu çəkindirməyə, Gürcüstanı sıxışdırmağa çalışırlar. Və bütün bunlara görə hazırda rəsmi Tbilisi 3+3 formatından hələlik kənarda dayanmağı seçir. Lakin siyasətdə belə hallar olur, hədəflər dəyişə bilər. Məqsədlər digər səbəblərlə öz yerini dəyişə bilər. Ola bilsin gələcəkdə Gürcüstanı da bu platformada görə bilərik".

V.İsgəndərov vurğulayıb ki, artıq xarici işlər nazirləri gələn il üçün məkanın Türkiyə olacağını  qeyd ediblər: "Əsasən bölgədə əməkdaşlığa, bölgə üçün dayanıqlı sülhün və tərəqqinin əldə olunması üçün vacib addımların atılmasına, infrastruktur layihələrinə, ümumiyyətlə, bu bölgədə baş verəcək iqtisadi, siyasi proseslərə digər maraqlı dövlət və qüvvələrin daxil olmaması üçün bu 3+3 formatı çox vacibdir. Hər dövlət üçün ayrılıqda həyati məsələdir. Onun üçün düşünürük ki, gələcəkdə bu platforma çox uğurla inkişaf edə bilər, bölgənin ümumi, hərtərəfli inkişafına öz töhfəsini verə bilər".

Məğrur Salmanov,

Sitat.info



Xəbər xətti