Bu gün millət vəkili Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzində "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat"ın təqdimatında çox maraqlı mövzular müzakirə olundu. Gündəmimizi hər nə qədər 3-cü dərəcəli mövzular məşğul etsə də, STM komandası hədəfi 12-dən vurmuşdu. Bəli bu gün məhz müzakirə etməli olduğumuz məsələ budur.
Azərbaycanlılara qarşı nifrət nitqi - buna qarşı necə mübarizə aparaq və özümüz hansı xətti tutaq?
Tədbirdə çox maraqlı fikirlər səsləndi və deyilməli olan çox söz deyildi, maraqlı diskussiya keçdi. Amma vaxt qıtlığı səbəbindən hamıya söz vermək mümkün olmadığından fikirlərimi yazıya köçürməyə çalışdım.
30 ildir bir xalq olaraq əsas ideologiyamız Qarabağın azadlığı və işğalçı əleyhinə mübarizəyə köklənmişdi. Qarşımızda son damla qanımıza qədər vuruşmalı olduğumuz bir düşmən var idi və bütün emosiyalarımız, kinimiz, nifrətimiz, qisas hissimiz bu hədəfə yönəlmişdi. Qalib gəldik, düşməni əzdik, qisas aldıq. Bu mübarizədə hədəfə çatmağımız və qələbə çalmağımız sübut etdi ki, doğru yolu tutub gəlmişik.
İndi əsas sual budur - bəs bundan sonra nə olacaq? Bundan sonra bizi birləşdirən dəyər nə olmalıdır? Ölkədə cinsindən, dinindən, etnik kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi birləşdirən əsas dəyər nə olmalıdır?
Adətən "ƏLEYHİNƏ" birliklər, yəni nəyinsə, kiminsə əleyhinə, ona qalib gəlmək üçün qurulan təşkilatlar, masalar uzunömürlü olmur. Məsələn, seçkiöncəsi iqtidarın namizədinə qarşı müxalifətin birləşib bir masa yaratması kimi... Seçki bitən kimi masa da dağılır. Bizim milli birliyimiz və milli ideologiyamız əsla bu cür olmamalıdır. Qarabağ azaddır, vəssalam? Xeyr, görüləcək çox iş var və əski ideologiya artıq bizə fayda vermir. Çünki əleyhinə birləşdiyimiz güc artıq rinqdə məğlub olub, ağzı-gözü qan içində yerə sərilib. Bizə yaraşan onun əlindən tutub qaldırmaq və əlbəyaxa savaşdan centlmensayağı ayrılmaqdır.
Onun yerini nə almalıdır? Zahid Oruc bunu çox gözəl ifadə etdi. Artıq hərbçilər meydandan çəkilir, diplomatlar, millət vəkilləri, vətəndaş cəmiyyəti, media, blogerlər meydana daxil olur. Cəbhədə qazanılan qələbəni masada uduzmamaq üçün indi hər birimiz bir xüsusi təyinatlıyıq. Hədəfimiz özümüzü dünyaya ifadə etməkdir. Məğlub erməni indi daha güclü səfərbər olunub, qisas hissi onları hərəkətə gətirib. Onların qarşısında savaşacaq ziyalılara, fəallara ehtiyac var. Amma onlara bənzəmədən, erməni kimi yox, əsl azərbaycanlı kimi - tolerant, nifrət nitqinə yol vermədən, qalib ədası ilə və qarşısındakının gücünə adekvat...
Digər bir məsələ odur ki, biz hər nə qədər erməni xalqı ilə münasibətdə tolerant olmağa çalışacağıqsa, bir o qədər başımıza gətirilən oyunları unutmayacağıq. Biz unutmağımız mümkün də deyil... Amma gələcək nəsilə də qan yaddaşımızı çatdırmaq üçün qələbə günləri ilə yanaşı işğal günlərini də qeyd etməliyik, onları kitablardan çıxartmamalıyıq. Xiyabanlarımız həmişə and yerimiz olmalıdır. Bu sülh və qonşuluq Sovet dövründəki "xalqlar dostluğu"na əsla bənzəməməlidir. Şəhidlərimizin qanı ilə suvarılan torpaqlarda gəzdiyimizi nə biz unutmalı, nə də ermənilərə unutdurmalıyıq. Artıq siyasiləşmiş bir xalq kimi davranma zamanıdır. soyuqqanlı, emosiyalarını özünə saxlayan, nə etməli olduğunu unutmayan. Təbii ki, ermənilərlə "səmimi" münasibətdən söhbət gedə bilməz. Sözün yaxşı mənasında ikiüzlü olmalıyıq.
Ermənilər bizimlə kirvəlik edib, toyumuzda qol qaldırıb oynayıb, arxa planda silahlı qruplaşmalar yaradıb min oyun hazırlayanda babalarımız qədər saf olmamalıyıq, başımızın altına yastıq qoyub yatmamalıyıq. Dilimiz nə qədər tolerantdırsa, düşüncəmiz bir o qədər ehtiyatlı olmalıdır. Ən əsası isə bunu gələcək nəsillərə çatdırmağı bacarmalıyıq. Çünki qarşımızdakı bu toplumun içində qaynayan vulkanın neçə ildən sonra təkrar püskürəcəyi bəlli deyil. Üzümüzdə təbəssüm, əlimiz tətikdə...
Qarşımızdakı millətin əsas xüsusiyyətlərindən biri də güclüyə yaltaqlıq, zəifə qəddarlıqdır. Bu bizə tutacağımız xətti tapmağa yetərincə yardımçı olur. Yəni ən böyük mübarizə Azərbaycan dövlətinin daim güclü dövlət olaraq qalması uğrunda olmalıdır. Bu dövlətin hərbi-siyasi, sosial-iqtisadi gücünə zərbə vuracaq hər nə varsa, o bizim önümüzdəki düşməndir. Daxili siyasətimizdə hər kəs əlindən gələnin ən yaxşısını etməyə çalışmalı, ictimai nəzarət güclü olmalıdır ki, dövlətimiz daim güclənsin və erməni qisas almağı ağlına gətirməkdən belə qorxsun. Doğrudur, müharibədən sonra yeni bir tendensiya da yaranıb - ictimai nəzarəti və tənqidi dövlətçilik əleyhinə hərəkət kimi qələmə verməyə çalışanlar var. Dövlət rəhbərliyinin əsas prioritetinin Qarabağ olması, daxili siyasəti nəzarətsiz sayanları da fəallaşdırıb və ən kiçik tənqidi belə az qala "dövlətçiliyə qarşı" deyə boğmağa çalışır, dövlətin malını da yağmalamağa çalışırlar.
Halbuki bundan sonra bu dövlətə və Ali Baş Komandana ən böyük xidmət həm xaricdəki, həm daxildəki fürsətçillərlə mübarizə aparmaq, ictimai nəzarəti gücləndirmək ola bilər. Bu bizim ölkəmizi gücləndirmək və xalqımızı nifrət cinayətlərindən qorumaq üçün başlıca yolumuzdur.
Nərgiz LİFTİYEVA,
Sitat.info