Son vaxtlar qadın qətlləri və intiharları artır. İntihar adı verdiklərimizin içində də bəlkə neçəsi qətldir, istintaq araşdırdıqdan sonra bəlli olacaq. İnsanların psixologiyası pozulub. Mən hər şeyi hökumətin üstünə atmağın tərəfdarı deyiləm. Valideyn övladını 18 yaşı olmamış oda atırsa, xoşbəxt olmaq üçün evlənən ər arvadına qara qul müamiləsi edirsə, oğul evləndirən ana kölə gətirmiş kimi davranırsa (əsasən də rayonlarda), tərəflər xəyanət etməyi özlərinə sığışdırırsa, insanlar bir tikə çörəyini sakit oturub yeyə bilmirsə ( kabab və ya şor-çörək nə fərqi var) bunu kim düzəldə bilər. İnsan doğmasına ailə ilə bağlı sual verməyə çəkinir, hansı qurum gəlib evə kamera yerləşdirə bilər? İnsanlara özünüidarəni aşılamaq lazımdır. İmkanlı da qızını erkən yaşda ərə verir, kasıb da. Əksəriyyəti erkən nigahların və ya sevgisiz qurulan ailələrin nəticələridir.
Avtomobil idarəetmə hüququ verilməyən ailə idarə etməyi, fərqli insanların əhatəsinə düşüb onlarla dil tapmağı necə bacaracaq?
Mən polisin, dövlət qurumlarının rolunu və məsuliyyətini kiçiltmirəm. Onlar öz işlərini görsə çox şey düzələcək. İlk növbədə erkən nigahlarla bağlı nəzarət artmalıdır. Ailədaxili zorakılığa hüquq-mühafizə orqanlarında yanaşma dəyişməlidir. Qadın şiddətlə bağlı müraciət edibsə onu həmin evə geri qaytarmaq və ərinə bu haqda məlumat vermək olmaz. Ailə nəzarətə götürülməlidir, yeri gəlsə uzaqlaşdırma qərarı olmalıdır.
Dövlət qurumları maarifləndirmə işi aparmalıdır. TV-lərlə bağlı artıq qərar verilməlidir, biabırçılıqdır. Bu kanalları izləyən azərbaycanlı ailəsi haqqında nə düşünəcək? Niyə bir nümunəvi ailə modeli yoxdur efirlərdə? 90 faiz yaxşının üstünü örtüb, 10 faiz çirkabı üzə çıxartmağın nə mənası var?
Seriallar bərbad, istər Türkiyə, istər yerli seriallar nə təbliğ edirlər? Bir tərəfdən qətllər artır, digər tərəfdən əxlaqdan, mənəviyyatdan danışan adamları lağa qoyurlar. Bəs necə dəyişmək olar?
Ailə anlayışı olmayan qəddar kişilər nə qədərdirsə, ailəyə dəyər verməyən, gözü ayağının altını görməyən, 3 minlik telefon, bahalı şuba kimi emosianal ehtiyacları olan, boşanıb xoşbəxt olacağın düşünən qadınlar da az deyil. Hansı əksəriyyəti ömründə 1 manat belə qazanmayıblar. Bu insanların mənəvi kasadlığı var, bunlar dayazdır, içi boşdur və günahı təhsil sistemindədir.
Qız uşaqlarının təhsili məsələsinə baxılmalıdır. Ali məktəbə daxil ola bilməyən qızların imtahansız peşə təhsil müəssisələrinə qəbulu həyata keçirilməlidir, hətta icbari olmalıdır.
Məktəblərdə mənəvi dəyərlər, psixologiya, ailə dəyərlərini əhatə edən dərslər keçirilməlidir. 18 yaşa qədər nə məktəb bir cümlə demir, nə valideyn oturub başa salmır. Tez cehizini düzəldib yola salırlar və ya evlənsin düzələcək deyə oğlan uşaqlarının "başını bağlayırlar".
Bəzən qızlarımız bir nəfərlə evlənib, 6-7 nəfərlik bir ailə qurmuş olurlar. Gənclərin mənzil problemi həlli ilə bağlı dövlət bir əlçatan yol tapmalı və kollektiv ailə mütindən gənc ailələr xilas edilməlidir. Dövr dəyişib, Z nəsli kollektiv mühitdə çox dözüm gətirə bilməyəcək və ailə faciələri artacaq.
Görülməli çox iş var. Bilinən gerçəklik odur ki, belə davam edə bilməz... Bu qədər xoşbəxtliyini itirmiş insanların olduğu cəmiyyətdə kimsə xoşbəxt ola bilməz. Ətrafımızdakı gərginlik, neqativ enerji gündən-günə artmaqdadır. Psixologiyası sağlam olmayan insanların qeyri-adekvat davranışları evdən bayırda da ətrafı narahat edir. Bu ən çox da yetişməkdə olan nəsilə təsir edir, uşaqlar da aqressiv və hiperaktivdirlər. Məktəblər yeniyetmələrdən elə münasibət, elə söyüşlər eşidirsən ki, insan donub qalır. Bu yaxınlarda 13-14 yaşlı iki məktəbli oğlan mübahisə edirdi. Bir digərinə yüksək səslə bacı ilə bağlı nəsə deyirdi.
Zəfər günü ərəfəsində pozitiv paylaşımlar daha xoş olar. Ancaq şəhidlərimiz canından ona görə keçmədi ki, bizim telekanalar əxlaqsızlıq yaysın. Hansısa "kişi" efirdə qadının ayağına düşüb anormal davranışlar nümayiş etdirsin. Ruhi vəziyyəti yerində olmayanların ailə münasibətləri üzərindən reytinq qazanılsın. Onların görmək istədiyi cəmiyyət üçün savaşmalıyıq. Düşünə bildiyimiz hər gün bayramdır.
Nərgiz LİFTİYEVA
Sitat.info