İsrail Fələstin və İran məsələsini birdəfəlik "həll etmək" istəyir: ABŞ buna razı deyil...

15:36 14 Noyabr 2023

 İsrail-Fələstin müharibəsi davam edir. 10 mindən çox fələstinlinin öldürüldüyü Qəzzada həyat sıfır nöqtəsindəndir. İnsanlıq fəlakəti yaşanan bölgə blokadaya alınıb, su, elektrik, yanacaq çatışmazlığı səhiyyə sistemini iflic vəziyyətə salıb. Təəssüf ki, nə beynəlxalq təşkilatlar, nə qlobal güclər bu savaşın önünə keçə bilir. Bəs görəsən, qarşıdakı günlərdə proses səngiyəcəkmi, yoxsa daha kəskin fazaya daxil olacaq?

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran siyasi şərhçi Sülhəddin Əkbər qeyd edib ki, bu çox mürəkkəb məsələdir: "Bu çox mürəkkəb və tarixi dərinliyi olan bir məsələdir və burada çoxsaylı var. Tərəflər çoxsaylı olduğuna görə də çoxsaylı maraqların  toqquşması yaşanır. Ona görə də məsələnin tezliklə həll olunması gözlənilmir. Yeni dünya nizamı qurucuları, yəni ABŞ başda olmaqla kollektiv Qərb çalışır ki, məsələni çərçivəyə alsın, nizamlamağa çalışsın, məhdudlaşdırsın, lokallaşdırsın, onun regiona yayılmasının qarşısını alsın. Qarşı tərəf, yəni bu geopolitik savaşda yeni cəbhə açan qarşı başda Rusiya, İran, Çin olmaqla  bu dövlətlər tam tərsində maraqlıdırlar, Onlar çalışırlar ki, bu proses genişlənsin, regiona yayılsın, eyni zamanda idarə olunsun. Yəni, bir tərəf Amerika Birləşmiş Ştatları başda olmaqla çalışır ki, ümumiyyətlə Qəzza sınırlarında lokallaşdırılsın, məhdud qalsın. Qarşı tərəf, xüsusən Rusiya ümumiyyətlə daha geniş regiona yayılmasında maraqlıdır. İran isə onun sərhədlərindən uzaqda yayılmasında, yəni məhdud miqyasda yayılmasında maraqlıdır".

S.Əkbər vurğuladı ki, İsrail, xüsusən də İsrailin hazırkı radikal hökuməti isə yaranmış vəziyyətdən istifadə edib İran məsələsini həll etmək istəyir: "Ümumiyyətlə, İsrail Fələstin məsələsini birdəfəlik həll etmək istəyir və onunla birlikdə İran məsələsini. Lakin Amerika Birləşmiş Ştatları bununla hazırkı dövrdə razı deyil. Gördüyünüz kimi, tərəflərin maraqları müxtəlifdir və bu maraq münaqişəsi yaşanır. Ona görə də hələlik  proses inkişafdadır. İndidən hər hansı  yekun fikir söyləmək erkəndir. Proseslər yaxından izlənilməlidir. Hazırda ABŞ müharibənin məhz Qəzza zolağı ilə məhdudlaşmasını istəyir və əsas diqqətini Rusiyaya və Çinə yönəltmək istəyir. Rusiya əsas diqqətin Ukraynadan yayınması üçün mümkün qədər müharibənin yayılmasını istəyir, bura yeni oyunçuların qoşulmasında maraqlıdır. İran da savaşın proksi qüvvələri hesabına nisbətən genişlənməsində maraqlıdır, amma özünün kənarda qalmasına çalışır.

Çin də müəyyən dərəcədə yayılmasında maraqlıdır, ancaq əsas oyunçuların - Rusiya və İranın prosesdən kənarda qalmasında, ABŞ başda olmaqla kollektiv Qərbin prosesə daha çox cəlb olunmasında, daha çox zaman və enerji sərf etməsində,  tükənməsində maraqlıdır".

Siyasi şərhçi qeyd etdi ki, yaxın həftələrdə ABŞ-ın və  prosesin lokallaşmasında maraqlı olan digər güclərin ortaq bir çərçivə anlaşması ortaya çıxacaq: "Ondan sonra daha aydın fikir söyləmək, proqnoz vermək mümkündür. Mənə elə gəlir ki, prosesin lokallaşmasında maraqlı olan qüvvələr daha çoxdur və onlar daha ağır gələcəklər. Prosesin yayılma potensialı davamlı olaraq qalsa da, prosesin lokallaşmasında maraqlı olanlar hələlik nisbətən daha güclü görünürlər. Amma dediyim kimi proses inkişafdadır. Hər bir provokativ təxribatçı hərəkət gözlənilmədən yeni bir sıramalara səbəbiyyət verə bilər".

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti