Müharibə davam edir: Diplomatiya, informasiya, beynəlxalq hüquq və psixoloji müstəvilərdə...

15:46 20 Noyabr 2023

"Qarabağdan köçən ertmənilərlə bağlı Ermənistan hökumətinin süni problemlər yaradacağı bu gözlənilən idi. Biz bilirdik ki, "Qarabağ məsələsi"  adlı süni problem tarixi dərinliyi olan, 200  illik bir problemdir. Bu nəhayət həll olunduqdan sonra   ardınca siyasi, diplomatik, hüquqi, beynəlxalq, hüquqi, informasiya, psixoloji və digər müstəvilərdə biz ciddi problemlərlə, növbəti süni yaradılmış problemlərlə üzbəüz qalacağıq. Bu da indi onlardan biridir".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Sülhəddin Əkbər deyib. 

O bildirib ki,  Azərbaycan bu cür hücumlara hazır olmalıdır: "İndi məsələyə mən geniş baxmağın tərəfdarıyam. Siyasi sahədə də eyni istiqamətdə hücumlar gedir. Diplomatik sahədə də, beynəlxalq hüquq sahəsində də,  informasiya, psixoloji savaş sahəsində də eyni hücumlar gedir. Azərbaycan buna hazır olmalıdır. Həm dövlət hökumət səviyyəsində, həm də cəmiyyət olaraq biz buna hazır olmalıyıq, qarşılıqlı iddialar olunmalıdır. Məhz Azərbaycan türkləri etnik təmizləməyə məruz qalıblar. İndiki Ermənistan Respublikası adlanan dövlətin ərazisində, özü də illər öncə. Bizim yüzminlərlə soydaşımız  qaçqın düşüb, orada ölüm halları da olub,  işgəncələrdə olub, vəhşiliklər olub, onlar zorla öz torpaqlarından çıxarılıb. Azərbaycan qarşılıqlı prinsipi əsasında həm siyasi sahədə, həm diplomatik, o cümlədən beynəlxalq hüquq sahəsində məhkəmələr səviyyəsində bu məsələləri qaldırmalıdır və yəqin ki, qaldırılacaq".

S.Əkbər vurğuladı ki, burada digər sahələrdə olduğu kimi qarşılıqlı prinsipi tətbiq olunmalıdır: "Həm bizim soydaşlarımızın hüquqlarının təminatı baxımından, həm də digər hüquqlar, kommunikasiyaların açılması məsələsində suverenlik, bərabərlik və qarşılıqlı prinsipi tətbiq olunur. Eyni prinsiplər də burada tətbiq olunmalıdır. Mənim fikrimcə bir  Böhran Mərkəzi yaranmalıdır. Çünki nə qədər ki, sülh müqaviləsi yoxdur, müharibə bitmiş hesab oluna bilməz. Müharibə bitməyib, biz strateji savaş aparırıq. İndi əgər sərt mübarizə səhifəsi qapanıbsa (hərçənd bunu da  dəqiq bilmirik) digər səhifələr bağlanmayıb. Tam tərsinə mübarizə üçün yeni istiqamətlər açılıb. Ona görə də Azərbaycanın hüquqşünasları, yəni həm milli qanunvericiliyin peşəkarları, həm də beynəlxalq münasibətlər və beynəlxalq hüquq üzrə mütəxəssisləri bu işlərlə məşğul olmalıdırlar. Həm hücum, həm də müdafiədə Azərbaycanın strtategiyası qurulmalıdır. Hücum bizim öz soydaşlarımızın hüquqlarının təmin olunması baxımından olan hücumlara yüksək səviyyədə, beynəlxalq hüquq səviyyəsində cavab vermək baxımından vacibdir. Mənə elə gəlir ki, Azərbaycan hökuməti vaxt itirmədən bu məsələlərlə peşəkar səviyyədə yüksək səviyyədə məşğul olmalıdır".

Məğrur, 

Sitat.info 



Xəbər xətti