Ötən gün Dövlət Gömrük Komitəsi bütün maraqlı tərəflərin iştirakı ilə faydalı bir müzakirə təşkil etmişdi.
Prezident köməkçisi və əksər mərkəzi qurum rəhbərlərinin iştirakı, diskussiya üçün yaradılan şərait də diqqət cəlb edən idi.
Əsas məqam ondan ibarət oldu ki, DGK- nın İKT komandası tədbirdə bir neçə yeni yeni rəqəmsal həllərin maraqlı təqdimatlarını etdi :
“Transxəzər gömrük tranzit portalı”, “Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi -ARAS”, “Səlahiyyətli iqtisadi operator proqramı”, “Smart-Bot” mobil tətbiqi layihələrinin təqdimatı olub.
Bu resurslar nə vəd edir, görəsən effektiv və işlək olacaqmı ?
Bu mövzuda Sitat.info-ya danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, istənilən halda DGK-nın rəqəmsal transfromasiyaya üstünlük verməsi, yeni rəqəmsal xidmətlər istiqamətində fəaliyyəti xeyli əhəmiyyətlidir:
Yəni, görünən odur ki, qurumun yetərincə böyük olan İT komandası da boş dayanmayıb, gömrük proseslərinin rəqəmsallaşdırılması , sadələşdirilməsi və rahatlığı üçün real həllər təklif edirlər. Bununla belə bəzi düşündürücü məqamları da qeyd etmək istərdim.
Məsələn, DGK-nın transxəzər tranzit portalında təqdim edilən xidmətlərin nə qədər işlək vəziyyətdə olacağı ilə bağlı xeyli suallar ortaya çıxır. Bildiyim qədər Özbəkistan və Azərbaycanın gömrük sistemləri nə qədər oxşar olsa da, onlarla Gürcüstan, Ukrayna və Qazaxıstanın gömrük sistemləri tamam fərqlidir. Ortada da hələlik hansısa bir razılaşma, saziş yoxdur. Belə olan halda inteqrasiyalar, “Bir pəncərə”, sadələşdirmə necə olacaq? Digər bir məqam. Elə özümüzü götürək. Tutaq ki, öncədən məlumatlandırma, bəyanetmə olub, sənədlərlə bağlı hər şey qaydasındadır. Amma yük maşını Azərbaycanın gömrük məntəqəsinə çatan anda dərhal SKANERƏ yönləndiriləcək. Çünki bizim qanunvericilik bunu tələb edir. Belə olan halda isə yeni rəqəmsal həllərin təqdim etdiyi qərarlar öz əhəmiyyətini itirməyəcəkmi ? Eyni zamanda düşünürəm ki, riskləri dəyərləndirməli olan süni intellekt əsaslı rəqəmsal həllin – ARAS-ın özü ilə bağlı risklər var.
Aydındır ki, süni intellekt əsaslı istənilən bir qərar dataya söykənir. Data nə qədər mükəmməl və güvənlidirsə təqdim edilən həllər də daha real və ağlabatan olur.
Görəsən DGK-nın datası nə dərəcədə təmizdir ki, riskləri düzgün dəyərləndirəcək , ARAS doğru qərarlar verəcək?
Fikrimcə buna müsbət cavab vermək üçün elə də ciddi əsaslar yoxdur. Düşünmək olar ki, əvvəllər DGK məlumat bazasında hansısa yüklərin, malların gömrük rüsumlarından yayınması üçün real parametrləri deyil, rüsumları azaltmağa xidmət edən parametrlər də olmamış deyil. İndi bu cür dataya söykənən DGK-nın ARAS sistemi necə doğru qərarlar verə biləcək görəsən? Həm də bu tip resursların digər dövlət resurslarına da inteqrasiyası vacibdir. ARAS-ın Vergi sisteminə qoşulduğu bildirilib.
Amma mən indiyədək hansısa bir vergi məsələsinə görə gömrükdə problemlərlə üzləşənə də rast gəlməmişəm. Bu iki qurum az qala rəqabət şəraitində işləyirlər
Həm də, fikrimcə riskləri dəyərləndirən bu tip həllərin effektivliyi üçün uzun zamana ehtiyac var. Gərək uzun müddət datalar, məlumatlar toplansın ki, onun əsasında normal risk idarəetməsini qurmaq mümkün olsun".
O.Gündüz hesab edir ki, DGK-nin indiki halda malın gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı ağlabatan bir rəqəmsal həll yaratması və onun normal tətbiqini yaratması daha məqbul olardı: "Baxmayaraq ki, DGK rəsmiləri belə bir resursun olduğunu bildirirlər, reallıq odur ki, aparılan islahatlara baxmayaraq, hələlik gömrük sistemində mövcud olan problemlərin 90%-i məhz bu məsələ ilə bağlıdır.
Eyni zamanda artıq DGK-nın əlində olan dataların, kommersiya sirri olmayan hissəsinin biznes üçün və cəmiyyət üçün açıq bazalarda, emal oluna biləcək səviyyədə yerləşdirməsi də doğru olardı. Bu, biznes üçün daha doğru qərarlar qəbul etməyə, ekosistemin inkişafına kömək edə bilərdi. Beləliklə, DGK-nın rəqəmsal transformasiya istiqamətindəki səyləri yetərincə təqdirəlayiqdir, bununla belə bu resursların faydalılığı və effektivliyi üçün də ciddi düşünmək doğru olardı".
Məğrur,
Sitat.info