"Azərbaycanla Ermənistan arasında vasitəçiyə ehtiyac yoxdur. Elə bir mərhələyə gəlib çıxmışıq ki, birbaşa danışıqlara ehtiyac var və prezident İlham Əliyevin də əslində mövqeyi belədir. Gürcüstanda bu mövqeyini bir daha təkrarlamışdı. Nə başqa yerə getməyə ehtiyac var, nə Brüsselə, nə də Moskvaya. Hər bir vasitəçinin öz maraqları var. Bölgədə o maraqları reallaşdırmaq istəyir. Ona görə burada da bəzən ziddiyyətlər əmələ gəlir, ən yaxşısı birbaşa danışıqlardır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə ikitərəfli danışıqların iki variantı var: "Birinci variant sərhəddə görüşlərdir, belə bir təcrübə keçmişdə olub. 2000-ci illərin əvvəllərində mərhum dövlət başçısı Heydər Əliyev Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla Naxçıvanda sədərəkdə görüşmüşdü. Bu təcrübəyə yenidən qayıtmaq o zaman ona görə nəticə alınmadı ki, o zaman işğal hələ davam edirdi. İndi Allaha şükür ki, işğala son qoymuşuq. İkinci variant isə Gürcüstanda görüşlərdir. Mənim təklifim onda ibarətdir ki, Azərbaycanla Ermənistan arasında birgə işçi qrup yaradılmalı, hər tərəfdən beş və ya 10 nəfər işçi qrupa daxil olmalıdır. Hər iki tərəfdən diplomatlar, hüquqşünaslar, xəritə üzərində çalışa biləcək mütəxəssislər üç istiqamətdə fəaliyyətə başlayırlar. Sülh sazişi mətninin hazırlanması, sərhədlərin müəyyənləşməsi və dəhlizlə bağlı fikir mübadiləsi aparılır. Mənə elə gəlir ki, məhz bu istiqamətdə danışıqlar gedərsə, irəliləyiş əldə etmək olar".
E.Şahinoğlu vurğulayıb ki, Azərbaycan bu təklifi verdi və elə bu gün İlham Əliyev Böyük Britaniyanın nazirini qəbul edərkən yenə də bu mövzuya toxundu: "Prezident bildirdi ki, Azərbaycan Ermənistana birbaşa danışıqlara hazırdır. Biz hazırıq, əgər qarşı tərəf də hazırsa, artıq heç bir sual yoxdur. Qarşı tərəfdən də artıq açıqlama gəldi ki, sərhəddə görüşmək istəyirlər. Əgər bunlar Fransa və Amerikadakı müəyyən dairələrin əlində alət olmaq istəmirlərsə, vaxt itkisinə yol vermək istəmirlərsə, birbaşa danışıqlara gəlməlidirlər. Düzdür, bu o demək deyil ki, bir -iki görüşdən sonra nəticə əldə olunacaq. Amma bu, daimi xarakter alsa, irəliyə doğru gedişat ola bilər. Yoxsa, müxtəlif ölkələrdə görüşlər nəticə vermir. Heç bu görüş də son vaxtlar baş tutmur. Paşinyan Moskvaya getmir, İlham Əliyev Makronun oturduğu masada oturmur.Ən yaxşısı birbaşa danışıqlar, birbaşa ünsiyyət, fikir mübadiləsinin genişləndirilməsidir. Bu olarsa, müəyyən nəticələr əldə edilə bilər. Bir amil də var. Gələn il Cənubi Qafqazda marağı olan böyük dövlətlərdə və böyük mərkəzlərdə seçkilər olacaq. Rusiyada prezident seçkisi , Amerika Birləşmiş Ştatlarında prezident seçkisi, Avropa İttifaqında da seçki olacaq. Bu gördüyümüz bu komissarlar, rəhbərlər gələn il olmayacaq, yəni başları özlərinə qarışacaq.
Başları özlərinə qarışacaqsa, digər mövzulara diqqət olmayacaq və ona görə də birbaşa danışıqlara da faydası var. Amerikanın başı özünə qarışıb, Rusiyanın başı özünə qarışıb. Sülh lazımsa, gəlin oturaq birbaşa danışıqlar aparaq. Ona görə mən bu məsələdə bir qədər optimistəm. Əgər Ermənistan da razılıq versə, birbaşa danışıqlar başlaya bilər. Sadəcə bir şərtlə ki, bu, daimi xarakter alsın. Ona görə mən bu işçi qrup təklifini verdim ki, hər iki tərəfdən heyətlər müəyyənləşsin və bunlar oturub işləsinlər".
Məğrur,
Sitat.info