Əliyevlə Paşinyanın Münhendə fərqi - Markedonov

09:00 20 Fevral 2024

Fevralın 16-da Ermənistan nümayəndə heyəti üç günlük işgüzar səfərlə Almaniyaya getdi. Nümayəndə heyətinin tərkibinə Baş nazir Paşinyanla yanaşı, xarici işlər və müdafiə nazirləri Ararat Mirzoyan və Suren Papikyan da daxil idi. Səfərin əsas hadisəsi Münhen Təhlükəsizlik Konfransında iştirak idi. Bu forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi. Burada iki tərəf arasında konfransa yanaşmalardakı fərqlərə diqqət yetirməyə dəyər.

Sitat.info xəbər verir ki, bu sözləri ermənipərəst rusiyalı politoloq Sergey Markedonov sosial şəbəkələrdə yazıb.

“Azərbaycan nümayəndələri Ermənistanla münaqişənin həllinin vacibliyindən danışdılar, lakin eyni zamanda bunun yeganə mövzu olmadığını vurğuladılar. Əliyev iqlim gündəliyi ilə bağlı müzakirənin iştirakçısı kimi elan edildi. O, Amerika Prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Kerri (Barak Obama administrasiyasında dövlət katibi) ilə də görüş keçirdi. 2024-cü ilin noyabrında Bakıda BMT-nin iqlim konfransı keçiriləcək. Və Azərbaycan siyasətçiləri üçün öz ölkələrinin əhəmiyyətinin regional etnosiyasi münaqişələrdən birinin həllindən kənara çıxdığını göstərmək vacibdir.

Erməni tərəfi isə yalnız sülh gündəliyinə fokuslanmışdı. Mövcud şəraitdə onun bir növ “simasını qoruyan” düstur tapmaq çox vacibdir. Və Azərbaycan hakimiyyətindən fərqli olaraq, Ermənistan hakimiyyəti müəyyən daxili siyasi təzyiq altındadır.

Bütün hallarda, Paşinyan və Əliyev 2024-cü ildə ilk dəfə Münhen meydanında görüşdülər. Onların danışıqlarına federal kansler Olaf Şolts moderatorluq etdi (Şolts təşəbbüs göstərib, görüş isə ikitərəfli olub və burada moderatorluqdan danışmaq yersizdir – red.). Bundan əvvəl Ermənistanın baş naziri ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Qeyd edək ki, təhlükəsizlik konfransının “meydanında” danışıqlar Ermənistan-Azərbaycan sərhədində hərbi-siyasi eskalasiyadan bir neçə gün sonra baş tutub.

Danışıqlar zamanı heç bir ciddi irəliləyiş əldə olunmayıb. Artıq uzun müddətdir masada olan məsələlərin bütün spektri müzakirə olunub. Lakin sülh prosesinin “durğunluğu” fonunda danışıqlar təşəbbüsünü ələ keçirməyə çalışan Qərb (Birləşmiş Ştatlar və onların avropalı müttəfiqləri) idi”, - o qeyd edib.



Xəbər xətti