Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?

12:53 26 Noyabr 2024

Əmək pensiyalarıvə minimum əmək haqqının artması, üstəgəl Yeni il bayramının yaxınlaşması  əhalidə ənənəvi olaraq qiymətlərin qalxması ilə bağlı narahat edir. 

Bu mövzuda Sitat.info-ya danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu artım inflyasiya göstəricinə uyğun olaraq indeksasiya prosesidir: "Əmək pensiyaları hər il indeksləşdirilir. Qanuna görə hər il, yanvar ayında keçən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq əmək pensiyaları artırılmalıdır. İndeksasiya hər zaman artım kimi müşahidə edilmir. Əgər, Azərbaycanda inflyasiya əvəzinə deflyasiya gedərsə, yəni, bahalaşma yerinə ucuzlaşma prosesi olarsa, indeksasiya miqdarı da buna uyğun olaraq azalacaq".

 

Ekspert bazarda qiymətlərin artmasının səbəblərini də etdi: "Dövlət müəssisələrində işləyən işçilərin əməkhaqlarında 10 faiz artım olacaq. Bu isə bazarda qiymətlərin artmasına səbəb olur. Ya zəlzələdən, ya vəlvələdən maliyyə sferasına artıq pul əlavə olunduqda, bu dərhal bazar qiymətlərinə təsir edir. Əlavə olaraq, Azərbaycanda fəaliyyət göstərən sahibkarda qorxu yoxdur. Əgər, rəqabət olarsa, o zaman qiymətləri qaldıran zaman müştəri itirmə ehtimalına görə çəkinərlər". 

A.Nəsirlinin fikrinə görə, bayram ərəfəsində əhalinin xüsusi hazırlığı, alış-verişin artırması da qiymətlərin bahalaşmasına gətirib çıxarır: "İnhisarçı sahibkar bazarda  daha çox qazanc əldə etmək üçün xüsusilə bu dövrdə qiymətləri qaldırır. Rəqabətli bazarda isə fərqlidir. Sahibkarın dövriyyəsi artanda düşünür ki, onsuz da çox qazanır-  dünən 10 məhsul satmışdısa, bu gün 50 məhsul satıb. Ona görə də, məhsulun qiymətində güzəşt edir. Bu zaman daha çox müştəri cəlb edə bilir".

İqtisadçı diqqətə çatdırıb ki, qiymət artımının həlli yolu rəqabətli bazar mühitinə keçiddir: "Azərbaycanda sahibkar düşünür ki, bu gün 50 məhsul satıbsa, sabah da 50 məhsul satacaq. Beləliklə, qiyməti qaldırır ki, daha çox qazansın. 
Yəni, Azərbaycanda nə qədər ki, inhisarçılıq hökm sürür, biz bayram ərəfələrində, maliyyə sferasına vəsait daxil olduqda, bahalaşma ilə  üzləşməyə davam edəcəyik. Yalnız rəqabət mühiti formalaşdıqda, bizdə də Avropada olduğu kimi, bu dövrlərdə qiymətlərdə bahalaşma yerinə, ucuzlaşma müşahidə olunacaq". 


Türkanə Muradlı,
Sitat.info



Xəbər xətti