"Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək Pensiyaları” haqqında qanuna yeni dəyişikliklər müzakirə olundu. Yeni dəyişikliklər layihəsinə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar və kişilər pensiyaya 5 il tez çıxa biləcəklər".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayamov deyib.
O bildirib ki, yeni dəyişikliyə əsasən qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilər 5 il erkən pensiya hüququ qazanacaqlar: "Digər mühüm məqam nəzərdə tutulan şəxslərə də avtomatlaşdırılmış qaydada pensiya təyinatı imkanının yaradılmasıdır. Güzəştli şərtlərlə pensiya təyinatı zamanı vətəndaşların müraciət etmək, habelə müxtəlif sənədlər toplamaq və s. öhdəliyi də ləğv edilir.
Layihə komitədə dəstəklənərək plenar iclasda müzakirəyə tövsiyə olundu".
Nərgiz,
Sitat.info