Putin qələbə sevincinə kölgə salan məqamlar: Onu çox çətin dövr gözləyir...

13:18 18 Mart 2024

 "Rusiyada prezident seçkisi arxada qaldı. Rəqabət olmadı. Nəticə əvvəlcədən bəlli idi. Vladimir Putin hakimiyyətini uzatdı. Onun daxili və xarici siyasətində dəyişən heç nə olmayacaq".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, Putini çətin bir dövr gözləyir: " O, hakimiyyətdə olduğu 20 ildən çox müddətdə Rusiya iqtisadiyyatını şaxələndirə bilmədisə, ölkə ancaq enerji resurslarının satışından asılıdırsa, bu durum gələcək illərdə də davam edəcək. Ancaq Rusiyanın enerji resurslarının satışında çətinlikləri artacaq. Rusiya Ukrayna müharibəsinə görə Avropaya sata bilmədiyi neft və qazını Çin və Hindistana yönəldib. Ancaq Hindistan Rusiya neftinin alışını azaldıb, Çin isə Rusiya qazını ucuz qiymətə almağa çalışır. Bu amillər Rusiyanın gələcək illərdə gəlirlərini azaldacaq".

E.Şahinoğlunun sözlərinə görə, Vladimir Putin və onun hökumətinin işini çətinləşdirən Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrdir: "Putin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməkdə “qətiyyətini” davam etdirsə də, müharibənin Rusiyaya vurduğu zərərləri də hesablamaq məcburiyyətində qalacaq. Rusiyanın müharibədə itkiləri yüzminlərlədir, maliyyənin böyük hissəsi savaşa xərclənir, sosial məsələrin həlli arxa plana keçib. Digər tərəfdən ABŞ və Avropa İttifaqı müharibəni Rusiyanın xeyrinə bitirməyə imkan verməməyə çalışacaq. Bu isə o deməkdir ki, Putin müharibə tələsindən hələ uzun müddət çıxa bilməyəcək".

Politoloq vurğuladı ki, Putin hakimiyyətdə olduğu dövrdə Rusiyanın Qərb ölkələri ilə münasibətləri də normallaşmayacaq: "Putin Qərb ölkələrindən heç birinə səfər edə bilməyəcək. Rusiya vətəndaşları üçün də Qərb ölkələrinə səfərlər və bu ölkələrdə iş qurmaq məhdudiyyətləri qüvvədə qalacaq. Bu Rusiya vətəndaşları və biznesmenləri üçün diskomfort yaratsa da, onlar Vladimir Putinin hakimiyyətinə qarşı çıxmağı düşünmürlər. Rusiyada 1990-cı illərdən fərqli olaraq alternativ fikir yürütmək, hakimiyyətin siyasətini tənqid etmək həyat üçün risklidir. Buna görə də Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə Putinin siyasəti barədə fərqli düşünənlər  olsa da, Rusiya cəmiyyətinin əksər hissəsi Putinlə yola davam etmək istəyir. Rusiyada yaxın illərdə inqilabi dəyişikliyin olmayacağını Qərbdə də qəbul ediblər. Vladimir Putinin Cənubi Qafqaz siyasəti də olduğu kimi davam edəcək. Putin Azərbaycanla tərəfdaşlıqda maraqlıdır, ortaq layihələr var. Kreml sahibi Rusiyadan uzaqlaşmaq istəyən Ermənistan hakimiyyətinə isə çətinliklər yaradacaq. Putin gələcək illərdə Ermənistanda güc yolu ilə hakimiyyət dəyişikliyinə nail olarsa Kremlin Cənubi Qafqaz siyasətində yenidən Ermənistana ağırlıq verəcəyi mümkündür. Azərbaycan həmin günü gözləmədən Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasına nail olmalıdır".

Məğrur,

Sitat.info

 



Xəbər xətti