"İndiki qarışıq dünyada NATO Baş Katibinin regiona, Azərbaycana səfəri ciddi hadisədir. Səfərə ölkəmizdən başlaması, ən sıx görüş qrafikinin Azərbaycanda olması məmləkətimizin bölgənin "açarı" olduğunu sübut edir".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, Cənubi Qafqazın hər 3 respublikası nə vaxtsa üzv olacaqlarsa yalnız bir yerdə AB, və ya NATO-ya üzv olacaqlar, ayrı-ayrılıqda hansısa ölkənin bu qurumlar üçün həyati əhəmiyyəti yoxdur: "Ona görə də, hər 3 ölkə Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün birgə çalışmalıdır".
N.Cəfərli hesab edir ki, məhz Azərbaycanın son 4 ildə atdığı addımlar bölgədə Rusiyanın ciddi zəifləməsinə səbəb olub ki, bunu da, bizdəki bəzi marginallardan fərqli olaraq, Qərb institutları çox yaxşı anlayır: "Hər 3 ölkə üçün ilk hədəf Kremlin təsirlərini minimuma endirməkdir, sonra daha asan olacaq. Bölgəmizdə Moskvadan ən çox asılı olan ölkə Ermənistandır, əvvəl onları dartıb-çıxartmağa çalışırlar - Qərbin bəzi dairələrinin "ermənipərəstliyinə" emosional deyil, sırf praqmatik baxmaq, bu kontekstə dəyərləndirmək lazımdır...".
Seymur,
Sitat.info