Əhməd ailə üzvlərinə qəsd etməsinin səbəblərini açıqlayıb: Cinayətin dəhşətli detalları...

14:55 13 İyun 2024

Xəbər verdiyimiz kimi, ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlıə Məhkəməsinə göndərilib.

Sitat.info xəbər verir ki,  Teleqraf.com Əhməd Əhmədovun ibtidai istintaqa verdiyi ifadəsini əldə edib.

İstintaq sənədlərində göstərilib ki, Əhməd Əhmədovun uşaqlıqdan psixoloji durumu normal olmayıb. Onun şizofreniyadan əziyyət çəkdiyi sübuta yetirilib.

Əhməd orta məktəbdə 9-cu sinifə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Yaxınlarının köməyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb.

Əhməd Əhmədov ifadəsində ailə üzvlərini öldürməsinin səbəbini ailədə onu heç kimin saymamaması, ona diqqət göstərməməsi ilə izah edib.

Təqsirləndirlilən şəxsin sözlərinə görə, ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayıb: "Tək yaşadığım üçün ailəmlə münasibətim normal olmayıb. Amma hadisə günü atam məni evə gətirdi. Atam səhər yeməyi hazırlayan vaxt qəfil onu öldürmək fikrinə düşdüm. Evdə atam və mən var idim. Birdən ağlıma gəldi ki, onu öldürüm. Mətbəxdən bıçağı götürərək ona bir neçə dəfə zərbə vurdum.

Atam öləndən sonra onun avtomobilinin açarını götürüb aşağı düşdüm. Maşına minib birbaşa bacım Elmiranın evinə getdim. Suraxanı rayonunda yaşayırdı. Elmira qapını açan kimi əlimdəki bıçaqla onu da öldürdüm. Bu vaxt qızı ağlamağa başladı”.

Əhməd azyaşlı bacısı qızını öldürmək istəyərkən əlindəki bıçaq qırılıb. Buna baxmayaraq evin mətbəxindən başqa bıçaq götürərək uşağı da öldürüb. O, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb.

Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib: "Marketdən çıxdıqdan sonra anamla qardaşım Məhəmmədin evə gəldiyini gördüm. Yaxınlıqdakı mağazadan 20 manata balta aldım, hadisəni həmin balta ilə törətdim. Balta ilə əvvəl anamı, sonra da qardaşımı öldürdüm. İşimi bitirdikdən sonra baltanı evin şkafında gizlədib aşağı düşdüm. Ərazidə polis əməkdaşları var idi. Özümü şübhəli apardığım üçün məni tutdular.

Atam, anam və bacımın məni ailədən saymamaları, mənə diqqət göstərməmələri, ayrı yaşamaq istəmələri məndə onlara qarşı nifrət yaratmışdı".

Əhməd anasını öldürərkən qonşuluqdakı qadın şahid olub. O, qadını təhqir edərək, yaxın durmamağı əmr edib. Qonşu qadın evə qaçaraq polisə məlumat verib.

Zərərçəkmiş şəxslərdən birinin yaxınının istintaqa verdiyi ifadəsində bir məqam diqqət çəkir. Deyib ki, hadisə baş verən gün atası Əhmədi Mərdəkanda yerləşən reabiltasiya mərkəzinə aparacaqmış. Oğlu ilə də buna görə görüşüb.

Qeyd edək ki, Əhmədin əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofsiant işləyib.

Ekspert rəyi ilə anlaqsız olduğu sübut olunan Əhməd məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsiz şəxs kimi tanınıb. Bu səbəbdən onun yaxınlarından biri hüquqi varisi kimi tanınıb.

Xatırladaq ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun barəsində Xətai rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Cəmiyyətdə böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməlinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin, cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Xəbər xətti