Ötən gün "Azərsun" Sənaye Parkında baş verən yanğın Azərbaycan ərzaq sektoru üçün böyük zərbə kimi qiymətləndirilə bilər. Bu yanğının səhlənkarlıqdan yaranan bir bədbəxt hadisə, yoxsa təxribat olması hər kəsi düşündürür.
Elə yanğın baş verən gün "Azərsun" məhsulları Ukraynaya yardım kimi göndərilirdi. Bu amil Rusiyanı qıcıqlandıra bilərdimi ? Bu hadisədə təxtibat amili varmı?
Bu suallarla bağlı SİTAT.İNFO-ya açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirir ki, Ukrayna-Rusiya müharibəsi və Azərbaycan-Ermənistan münaqişəsi fonunda, Azərbaycanda xarici dövlətlərin təxribat törətmə riskinin böyük olduğunu qəbul etməliyik: "Elə son vaxtlar Rusiyanın özündə də bir-birinin ardınca çox ciddi yanğın hadisələri müşahidə olunur. Məsələnin ikinci tərəfi odur ki, hər hansı ciddi bir hadisə olduqda birinci növbədə bunun təxribat olduğunu müəyyənləşdirmək lazımdır. Bu təxribatın daxili və ya xarici qüvvələr tərəfindən həyata keçirildiyini düşünmək lazımdır. Burada daxili rəqabət amili də ola bilər. Hətta "Azərsun" rəhbərliyi özü də orada hansısa bir ciddi korrupsiya və ya maliyyə fırıldaqlarını ört-basdır etmək üçün belə bir addım ata bilər. Biz dəfələrlə şahidi olmuşuq ki, bir çox hallarda hətta sığorta almaq üçün insanlar bu cür yola əl atıb. Bütün bunlar hərtərəfli öyrənilməlidir".
Sərdar Cəlaloğlu onu da vurğuladı ki, bu cür bir sənaye mərkəzinin bir yanğından mühafizə sistemi çox biabırçı formadadır: "Adicə kiçik bir idarədə FHN əməkdaşları gəlib o qədər şərtlər qoyur ki, adam elə gəlir Azərbaycanda yanğın ehtimalı sıfıra bərabərdir. Bəs necə olur ki, " Azərsun"un 4 zavodu eyni zamanda alovlanır, yanır və burada effektli yanğınsöndürmə sistemi yoxdur. Birinci növbədə FHN nazirliyi bu suala cavab verməlidir. Nəyə görə "Azərsun"un effektli yanğınsöndürmə qurğuları və ya sistemi yoxdur ? Buradan bir nəticəyə gəlirəm ki, bu korrupsiyanın nəticəsidir Yəni ola bilsin kağız üzərində orada hər hansısa bir təhlükəsizliklə bağlı tədbirlər görülüb, amma real həyatda belə birşey yoxdur. İkincisi, "Azərsun" rəhbərliyinin bu məsələdə əlinin olmasını araşdırmaq lazımdır. Üçüncüsü rəqiblərin bu məsələdə nə qədər maraqlı olduğu, dördüncüsü isə xarici qüvvələrin maraqlarını düşünməliyik".
Ləman Sərvanqızı
SİTAT.İNFO