Lənkəranda Veravulçay daşıb: Torpaq yuyulub, təsərrüfatlara ziyan dəyib

10:35 30 Oktyabr 2024

 

Lənkəranda son günlər yağan intensiv yağışlar Veravulçayın daşmasına səbəb olub.

APA xəbər verir ki, sel səbəbindən rayonun Vilvan kəndində 10-a yaxın ailənin yaşadığı evlər üçün təhlükəli vəziyyət yaranıb, eləcə də sel suları sakinlərin təsərrüfatlarına xeyli ziyan vurub.

Təbii fəlakət nəticəsində meyvə bağlarını, istilikxanaları sel aparıb, bəzi yerlərdə torpaq yuyulub.

Ərazidə yaranan vəziyyətlə bağlı Lənkəran Rayon Su Meliorasiya İdarəsi tərəfindən həyətyanı sahələrə baxış keçirilib. Mövcud vəziyyət nəzərdən keçirilib və əraziyə ağır texnikalar cəlb olunub. İdarənin mütəxəssisi Ayıq Əliyev bildirib ki, ötən il də idarə tərəfindən çayda məcradəyişmə işləri görülüb, lakin yağıntının çox olması işlərinə ziyan vurub.

Qeyd edək ki, bu günə kimi Veravulçayın Vilvan və Veravul kəndlərindən keçən hissəsində sağ və sol sahilində 2 800 poqonometr uzunluğunda betondan mühafizə divarı tikilib.

 

 



Xəbər xətti