Ölkədə real inflyasiyanı hesablayan iqtisadi institutlar niyə yoxdur: İqtisadçıdan mühüm AÇIQLAMA

20:33 4 Noyabr 2024

Əksər azad bazar iqtisadiyyatına keçmiş ölkələrdə illik inflyasiya göstəriciləri, hökumət tərəfindən açıqlanmaqla paralel olaraq, müstəqil iqtisadi institutlar tərəfindən də hesablanır və bu şəffaflığı təmin edir. Ölkəmizdə isə inflyasiya ilə bağlı yalnız rəsmi rəqəmlərə əsaslanmaq mümkündür. Rəsmi inflyasiya rəqəmi olsa da, real inflyasiya ilə bağlı əlavə hesablamalar yalnız iqtisadçıların ehtimallarına görə səsləndirilir. Bir çox iqtisadi hesablamalar, xüsusən də əməkhaqlarının indeksasiyası inflyasiya faizinə görə hesablandığı üçün, bu rəqəmin reallığa maksimum yaxın və obyektiv olması mühümdür. 

Sitat.info-ya açıqlamasında bu problemə toxunan iqtisadçı ekspert Natiq Cəfərli  bildirdi ki, real inflyasiya rəqəmlərini hesablamaq demək olar ki, mümkün deyil: "Çünki  real inflyasiyanı  hesablamaq üçün məlumat bazasına çıxış imkanları olmalıdır. Azərbaycanda isə alternativ məlumat bazası təəssüf ki, yoxdur.  Alternativ hesablamalar aparan institutlar yoxdur. Azərbaycanda statistikanı ölçən yeganə qurum Dövlət Statistika Komitəsidir".

İqtisadçı hesab edir ki, DSK-nın rəqəmləri ilə reallıq arasında isə kifayət qədər fərq var: "Məsələn, qonşu Gürcüstanda ən azı 3 mərkəz iflyasiyanı hesablayır. Qardaş Türkiyədə hətta işverənlər assosiasiyası ayrı, həmkarlar təşkilatları ayrı, dövlətin statistika komitəsi ayrı, dövlət Mərkəzi Bankı ayrı hesablayır. Bir eçə belə inflyasiya hesablamaları mövcuddur. Mütəxəssislər də müqayisəli şəkildə onlara istinad edərək real mənzərəni görə bilirlər. Azərbaycanda təəssüf ki, bunu demək mümkün deyil. Biz bilirik ki, rəsmi inflyasiya rəqəmləri ilə reallıq arasında kəskin fərq var, ancaq məlumat bazasına çıxış imkanları olmadığına görə,   o fərqin nə qədər olduğunu söyləmək çətindir”.

Tehran Yusifli ,

Sitat.info



Xəbər xətti