Gürcüstan MSK-nın iclasında dava: sədrin üstünə boya atıldı

15:40 16 Noyabr 2024

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkilərinin nəticələrinin yekununa həsr edilən iclası qalmaqal və dava ilə başlayıb.

Sitat.info Gürcüstan mediasına istinadla xəbər verir ki, komissiyanın müxalifətçi üzvü, Milli Hərəkatın nümayəndəsi David Kirtadze Mərkəzi Seçki Komissiyasının sədri Georgi Kalandarişvilinin üzərinə qara boya töküb.

“Siz gürcü xalqını eşitmirsiniz, etirazçıların tələbələrini dinləmirsiniz. Siz Gürcüstanın, bizim gələcəyimizi əlimizdən aldınız, ölkəmizi Rusiyaya tərəf qovursunuz. Mən sizə sədr də deyə bilmərəm, siz “nöqtə ru” sunuz. Sən qara ləkəsən”, – deyə Kirtadze bir stəkan tünd rəngli mayeni Kalandarişvilinin üzünə atıb.

Bundan sonra dava düşüb və iclas yarımçıq kəsilib.

Hakimiyyətin əleyhdarları hesab edirlər ki, seçkilər zamanı səsvermənin gizliliyi pozulub - bülletenlərin arxa tərəfində marker işarələri var. Onlar təkid edirlər ki, bu səbəbdən elektron seçki qutuları quraşdırılan məntəqələrin 90 faizində seçkinin nəticələri ləğv edilməlidir. Yerli qeyri-hökumət təşkilatlarının və müxalifətin müvafiq tələbləri Gürcüstan məhkəmələri tərəfindən təmin edilməyib.

Eyni zamanda MSK-nın ofisinin yaxınlığında etiraz aksiyası keçirilir. Orada seçkilərin saxtalaşdırıldığını hesab edən bir neçə yüz adam toplaşıb. Etirazçılar arasında həm müxalif siyasətçiləri, həm də sadə vətəndaşlar var. Hadisə yerinə çoxlu sayda polis səfərbər edilib.

Qeyd edək ki, 26 oktyabrda keçirilən seçkilərdə hakim Gürcü Arzusu 53,93% səslə qalib gəlib. Dörd müxalifət partiyası beş faizlik baryeri keçərək parlamentə düşə bilib: “Dəyişiklik üçün Koalisiya” (11%), “Birlik – Milli Hərəkat” (10,16%), “Güclü Gürcüstan” (8,8%), “Gürcüstan üçün Qaxariya” (7,76%).



Xəbər xətti