Üzeyir Cəfərov vətəndaşlara xəbərdarlıq etdi: "Ermənilər o qədər partlamamış raket və mərmilər atıb ki..."

12:30 2 Fevral 2022

Üzeyir Cəfərov: “Döyüş bölgəsinə yaxın rayonlarda o təhlükə hələ də mövcuddur”

“Hələ müharibənin fəsadlarını biz uzun illər hiss edəcəyik. Azad olunmuş əraziləri ANAMA minalardan təmizləsə də, o ərazilərdə təhlükə qalır”. 
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. 
Onun sözlərinə görə, bənzər hadisə bu yaxınlarda da baş verib: “O təhlükələrdən biri bu yaxınlarda partladı. Belə ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları , yüksək rütbəli zabitləri ANAMA-nın təmizlədiyi ərazidə mühəndis-istehkam işləri aparanda tam təsadüf nəticəsində texnikanın qarşısında mina partladı. 


Burada təcrübəli zabitlərdən biri deyib ki, ANAMA əgər 80 sm dərinlikdə də mina çıxarırsa, deməli daha dərində də ola bilər. 1 metrdən çox dərinlikdə də ola bilər. Ekskovator öz çalovu ilə torpağı döyəcləyə -döyəcləyə keçdiyi anda partlayış baş verib. Orada xəsarət alan olmayıb, hadisə itkisiz ötüşüb. Bu gün Yevlaxda 1996-cı il təvəllüdlü çobanın partlayış nəticəsində həyatını itirməsi də onu deməyə əsas verir ki, ərazilərdə hələ çox partlamamış  minalar, bombalar, raketlər var. İnsanlar ehtiyatlı olmalıdır, partlamamış silahlara yaxınmlaşmamalıdırlar. Bunun üçün maarifləndirmə işləri aparılmalıdır”. 

Ü.Cəfərov vurğulayıb ki, müharibə 1 il 3 aydır ki, bitib, hər gün maarifləndirmə aparılmalıdır: “Bizdə bu çağırışlar kampaniya xarakterli olur, 3 gün iş aparılacaq, sonra unudulacaq. Ermənilər ərazilərimizə o qədər partlamamış raket və mərmilər atıblar ki, onların “səda”sı hələ neçə illər sonra eşidiləcək. Biz indi döyüş ərazilərinə yaxın rayonlardan danışırıq. Ancaq digər rayonlarda da partlamamış mina, raket tapılır. Maarifləndirmə işi olmasa biz təkcə bu çobanı yox, başqa vətəndaşlarımızı da itirə bilərik. Döyüş bölgəsinə yaxın rayonlarda hələ də o təhlükə mövcuddur”.  
Hərbi ekspert hesab edir ki, ANAMA-nın apardığı təmizləmə işi heç vaxt 100 faizlik ola bilməz, olsa-olsa 70-80 faiz ola bilər: “30 il ərzində torpaq uçqunu və sair olub, partlamamış silahlar dərinlikdə qalıb. Onlar müəyyən müddət sonra partlaya bilər”. 

SİTAT.İNFO



Xəbər xətti