“Pensiyası kəsilənlərə müəyyən yardımlar verilməli idi”: Deputat Vahid Əhmədov artan şikayətlərdən danışdı

12:51 2 Fevral 2022

“Pensiyası kəsilənlər ümumilikdə 200 min nəfərə yaxındır. Bu işi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparır. Bizə verilən məlumata görə, nazirlik yoxlamalar aparıb və məlum olub ki, bir çox əlillik pensiyaları düzgün verilməyib. Həmin şəxslərə pensiya düşmədiyi halda bu təminat həyata keçirilib. İndi problem odur ki, həmin insanlar uzun illər bu vəsaiti alıblar, sonra birdən-birə ailə həmin puldan məhrum edilib”.

Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov dilə gətirib.

O bildirib ki, əgər vətəndaşın gəliri hansısa səbəbdən kəsilirsə, ona alternativ təqdim olunmalı idi: “Biz o zaman təklif etdik ki, pensiyası qanunsuz sayılaraq dayandırılan insanların problemlərini hansısa formada həll etmək lazımdır. Əgər doğrudan da onlara pensiya düşmürsə, başqa bir gəlir yolu göstərməliyik. Onları Allahın ümidinə buraxa bilmərik. İndi nazirlik nə iş görüb , o barədə məlumatım yoxdur. Amma son 1 ayda mən seçicilərdən 15 ərizə almışam ki, əlilliyimizi kəsiblər, düzgün qərar verməyiblər və sair. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlərə yenidən baxmalıdır, yoxlamalıdır ki, həqiqətənmi düzgün olaraq kəsiblər”.

Deputatın sözlərinə görə, pensiya dayandırılmamışdan qabaq həmin ailə başçıları nazirliyə çağrılmalı idi: “Əgər həqiqətən əmək qabiliyyəti varsa onlara müəyyən işlər təqdim olunmalı idi, müəyyən yardımlar verilməli idi. Azərbaycan dövlətinin imkamları kifayət qədərdir. Bunları vaxtında etməyiblər, birdən-birə kütləvi olaraq pensiyaları kəsiblər. Bu səbəbdən şikayətlər də artıb”.



Xəbər xətti