"Avaralıq, fahişəlik, qumarbazlıq..." - "TikTok"çularla bağlı DƏHŞƏTLİ FAKTLAR

14:11 24 Dekabr 2024

Tanınmış vəkil: onları cəzalandırmaq üçün Cinayət Məcəlləsində maddə yoxdur!

Daxili İşlər Nazirliyi “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı tədbirlər keçirir. Xəzər verdiyimiz kimi vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilərin TikTokerlərin iştirakı ilə təşkil etdiyi yarışmalarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri saxlanılıblar. Əməliyyat tədbirləri nəticəsində canlı yayımlarda davranışları, açıqlamaları ilə diqqəti cəlb edən İlhamə Elşadqızı da saxlanılıb. Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin bir qrup “TikToker”i saxlaması onların məsuliyyət məsələsini gündəmə gətirib. Nazirliyin açıqlamasında bildirilir ki, cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı araşdırmalar aparılır.

Mövzü ilə bağlı tanınmış vəkil Əkrəm Həsənov və hüquqşünas Xalid Ağaliyev sosial şəbəkə üzərindən fikirlərini açıqlayıblar. “Tiktok”çuların hanslı maddələrlə istintaqa cəlb olunmaları, cəzalandırılmalarına münasibətlərini açıqlayıblar.

Əkrəm Həsənov əxlaqsızlığı təbliğ edən “tiktok”erləri gözləyən məsuliyyət və cəza haqda suallara konkret cavab verə bilməyəcəyini qeyd edib:

“Cavabını bilmirəm. Çünki Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində belə cinayət və ya inzibati xəta tərkibi yoxdur. İctimai mənəviyyat əleyhinə olan pozuntular var, amma onlar da konkretdir, məsələn: avaralıq, fahişəlik, qumarbazlıq. Lakin əxlaqsızlığın təbliği yoxdur. Odur ki, əvvəlcə gərək qanunda bu pozuntuya görə məsuliyyəti nəzərdə tutaq, sonra isə təqsirkarları məsuliyyətə cəlb edək. Özü də tiktokerlərdən yox, telekanallardan başlamaq lazımdır. Əxlaqsızlığı daha geniş kütləyə təbliğ edən onlardır...

P.S. Onu da vurğulayım ki, əxlaq çox subyektiv məsələdir. Buna görə də qanunda hansısa meyarlar da təsbit olunmalıdır. Əks halda, “terrorçuluğ”un gününə düşəcək. Necə ki, dünyada kimin kimdən xoşu gəlmirsə, onu terrorçu adlandırır, bizdə də eyni məntiqlə əxlaqsız adlandıracaqlar”.

Hüquqşünas Xalid Ağaliyev isə qeyd edib ki, “Tiktok”çulara cəza İnzibati xətalar kontekstində belə tətbiq edilir:

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun 13-2-ci maddəsi (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində informasiyanın yayılması) + İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) tətbiq edilir. Belə tətbiq ifadə azadlığı kontekstində "qanuna uyğunluq" testinə dediyiniz kimi cavab vermir.//Musavat.com



Xəbər xətti