AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker referilərin qış fasiləsinə qədərki performanslarını qiymətləndirib.
Sitat.info xəbər verir ki, belçikalı mütəxəssis həm Elçin Məsiyevin FIFA-da I kateqoriyaya yüksəlməsinə münasibət bildirib, həm də Azərbaycan Premyer Liqasının geridə qalan ilk yarısında hakimlərin performansını dəyərləndirib.
"Elçinin I kateqoriyaya yüksəlməsi yalnız onun üçün deyil, həm də AFFA Hakimlər Komitəsi üçün çox sevindirici xəbərdir. FIFA-nın birinci qrupunda artıq iki hakimimiz var (digəri Əliyar Ağayevdir - red.) və bu, əla nəticədir. Bunu ağır əmək və davamlı performansların nəticəsi, eyni zamanda UEFA-nın hakimlərimizi yaxından izlədiyinin göstəricisi kimi dəyərləndirmək olar. Həmçinin bu, Azərbaycandakı bütün hakimlərə müsbət təkan verəcək.
Hakimlərin qış fasiləsinə qədərki perofmansına gəlincə isə, mövsümün ilk hissəsində çox çalışan bir qrup gördüm. Başlanğıcda hakimlərin və VAR-ın qərarları arasında balans tapmaq vacib idi. UEFA-nın müdaxilə xəttini izlədik. Yəni hakim meydanda öz qərarlarını verməli, VAR-ı gözləməməlidir. VAR yalnız hakimin aşkar səhv etdiyi hallarda kömək edir. Hakimlər oyunlar zamanı məsuliyyəti öz üzərilərinə götürürlər, VAR isə yalnız lazım olduqda kömək edir. Referilərimiz daha çox özünəinam və oyuna nəzarət nümayiş etdirdilər. Meydanda qərar verən hakimdir, VAR deyil. Bu, mövsümün başlanğıc nöqtəsi idi.
Həmçinin irəliləyiş edən bir qrup da gördüm. Əlbəttə ki, mükəmməl olmaq mümkün deyil. Amma birlikdə məntiqli və anlaşılan qərarlar vermək üçün əlimizdən gələni edirik. Hər gün departament, fiziki hazırlıq üzrə məşqçilər və hakim-inspektorlarla birgə eyni fəlsəfə ilə işləyirik. Hakimlərin meydanda ən yaxşı performansı göstərmələri üçün çalışırıq. İndi isə mövsümün vacib ikinci hissəsinə hazırlaşmaq vaxtıdır. Biz hazır olacağıq. Hakimlər komandamıza güvənin", - deyə F.De Bleker bildirib.