Xəbər verdiyimiz kimi, ilkin istintaq nəticələrinə əsasən, Bakı-Qroznı reysi üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Pantsir-S” ilə hədəf alınıb. Həmçinin, Rusiya tərəfinin Radioelektron Mübarizə (REB) sistemlərindən istifadəsi nəticəsində təyyarənin tamamilə rabitəsiz qaldığı bildirilib. Eyni zamanda təyyarədə yaranan nasazlıqla bağlı məlumat verildikdən sonra, 1 saat ərzində Rusiya tərəfinin eniş üçün şərait yaratmaması da cavabını tapmayan suallar arasındadır.
Məsələ ilə bağlı Sitat.info-ya danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, təyyarə Rusiya tərəfindən vurulub və hadisənin izini itirmə cəhdləri olub: "Son vaxtlar Ukraynanın əsas hədəflərindən biri Qroznıdır. Ruslar Qroznıda dronların bir neçəsini vurub. Ola bilər təyyarəni səhvən vursunlar. Onda sual oluna bilər ki, nəyə görə təyyarənin xilas edilməsi ilə bağlı addım atılmayıb. Onun Azərbaycana qayıtması təklif edilməyib. Şübhəli məqam ondan ibarətdir ki, Azərbaycana qayıdacağı təqdirdə təyyarənin vurulması bilinəcəkdi. Rusiyanın yaxında olan digər aeroportlarına da endirilməyib, çünki yenə də bunun bir vurulma olduğu aşkarlanacaqdı. Təyyarəni uzaq bir məsafəyə- Xəzər dənizi üzərindən keçən bir marşruta istiqamətləndiriblər və belə hesablayıblar ki, bu zədədən sonra təyyarə Xəzərin üzərində dənizə düşə bilər. Bununla da bizim hərbi təyyarəmizin vurulmasında olduğu kimi, təyyarə Xəzərin dibində qalar, çox gec çıxarılar və çıxarılması mümkün olmaz. Bununla da məsələni ört- basdır edəcəkdilər".
S.Cəlaloğlu hadisənin qəsdən törədilməsi ehtimalından da danışıb: "Əgər burada qəsd varsa, qəsdin səbəbini də bilməliyik. Təyyarə qəzasından öncə nə baş vermişdi? Bir neçə həftə öncə Rusiya Azərbaycanı Avrasiya İqtisadi İttifaqına dəvət etmişdi. Hətta bununla bağlı Rusiya rəsmiləri Azərbaycanı bu ittifaqda görmək istədiklərini demişdilər. Amma gözlənilənin tam əksinə, Azərbaycan D 8 üzvü oldu. Suriyada bu gün Rusiyanın siyasətini tamamilə darmadağın edən bir qüvvə hakimiyyətə gəlib. Azərbaycan Türkiyə ilə birlikdə Suriyanın dirçəlməsində yeni hakimiyyətlə əməkdaşlıq etməklə bağlı prinsipial razılığa gəlib. Bununla bağlı İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar var. Azərbaycanın müstəqil siyasət yürütməsi təbii ki, Rusiyanı qıcıqlandırmaya bilməz. Çünki Rusiya Azərbaycanı öz yanında görmək istəyir. Amma Azərbaycan əksinə, strateji müttəfiqi olan Türkiyənin yanında yer alır.
İndi Suriyadakı qüvvələr Rusiyanın bütün bazalarını Suriyadan çıxarmaq istəyir, yəni faktiki olaraq Rusiyanın maraqlarına zidd olan çox ciddi bir siyasət aparılır. Azərbaycan Suriyanın dirçəlməsində, yeni hakimiyyətin möhkəmlənməsində iştirak etmək istəyir və bununla bağlı çox qərarlıdır. Son vaxtlar Türkiyə ilə Azərbaycan əlaqələri yenidən möhkəmlənir. İki ölkə birlikdə xarici siyasət yürütməyə cəhd edir. Bu da Rusiyanı qıcıqlandıra bilər. Ola bilər ki, bu təyyarə qəzası xəbərdarlıq xarakterli olsun. Hər halda Rusiyanın radarları bunun Ukraynadan göndərilən dron olmadığını və ya Ukraynaya məxsus olan təyyarə olmadığını çox yaxşı başa düşürdü. Təyyarə ilə əlaqə saxlanıla bilər. Pilotla əlaqə saxlanılıb. Açıq deyim ki, mən bu məsələni daha çox bir qəsd kimi qiymətləndirirəm, Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələrinin törətdiyi cinayət kimi dəyərləndirirəm. Amma ətraflı şəkildə yoxlama aparılmalıdır. Burada obyektiv ekspertiza keçirilməlidir.
Qəsd variantını təsdiq edən əsas faktorlardan biri odur ki, təyyarəni istehsal edən şirkətin nümayəndələri də Qazaxıstanda olublar. Təyyarədə ekspertiza apardıqdan sonra bəyanat veriblər ki, bu təyyarənin xaricində qəzaya səbəb olan hər hansı bir əlamət tapılmayıb. Eyni zamanda təyyarənin özündən doğan texniki səbəb olmayıb. Bu da onu göstərir ki, üçüncü variant qalır - yəni kənar müdaxilə. Sağ qalan sərnişinlər təyyarənin kənarında partlayış eşitdiklərini deyiblər. Rusiya bu suala da cavab verməlidir ki, nə üçün qəzalı vəziyyətdə olan təyyarəyə bir saatdan artıq müddəti olan uçuş istiqaməti verilib. Halbuki qəzalı təyyarəni təcili şəkildə 15-20 dəqiqəyə yerə endirmək lazım idi və o ətrafda onlarla belə aeroport olub ki, bu təyyarə həmin aeroportlara yenə bilərdi".
Məğrur,
Sitat.info