Təbii qaz və elektrik enerjisi tariflərinin bölgələr üzrə diferensiallaşdırılması, həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətli addım ola bilər. Dünya təcrübəsində geniş tətbiq olunan bu yanaşma, rayonlara dönüşü stimullaşdırmaqla yanaşı, iqlim şəraitinə uyğun enerji təminatını daha əlçatan etməyi hədəfləyir. Xüsusilə qış aylarının daha sərt keçdiyi bölgələrdə bu, həm əhali üçün rahatlıq, həm də regional inkişaf üçün yeni imkanlar yarada bilər. Bəs, təbii qaz və elektrik enerjisi qiymətləri bölgələr üçün daha aşağı tariflə verilə bilərmi?
Sitat.info-ya açıqlamasında bu haqda danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu, Azərbaycan üçün aktual məsələdir: "Dünyada bunun təcrübə var, amma çox təəssüflər olsun ki, Azərbaycanda bu cür güzəştlər tətbiq edilmir. Məsələn, Gürcüstan qazı Azərbaycandan alır. Amma Gürcüstan dağ kəndlərinə hər il pulsuz qaz limiti verir. Həmin qaz limiti ilə əksər abonentlər üç ay qışı yola verir. Biz qazı idxal etmirik, valyuta ilə almırıq. Qaz xalqımızın sərvətidir. Biz, bunu yerdən hasil edirik. Amma buna baxmayaraq bütün ölkə üzrə üç pilləli limit tətbiq edirik. İlin ilk 2-3 ayında həmin limitin aşağı həddi keçilir. 1200 kub 12 qəpikdən olmaqla 2 və ya 3 aya bəs edir. Abonentlərin 90%- dən çoxu qış ayları ərzində həmin limiti bitirir".
A.Nəsirli bu barədəki statisiktanı da şübhə altına alır: "Bu yaxınlarda "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bəyan etmişdi ki, bu ilin 11 ayı ərzində abonentlərin hələ 51%- i qazın aşağı istifadə limitini keçməyib. Bu ağ yalandır. Ölkədə mərkəzləşdirilmiş istilik sistemindən istifadə etməyən binalarda, həyət evlərində qazın aşağı limiti cəmi 2 aya kifayət eləyir. Yəni, yanvar- fevral aylarında bu limit aşılır. Limit məsələsi ona görə tətbiq olunur ki, əhali qaza görə xərclərinə qənaət edə bilsin. Aşağı limit odur ki, vətəndaş bir il ərzində minimum istilik təchizatı, qaz piltələrinə görə istənilən təlabatının ödənilməsinə bəs etsin. Bu aşağı limit əgər 2 ayda keçilirsə, hökumət bu barədə düşünməlidir. Ən azı limit illik istifadə həcmindən 2-3 dəfə azdır. Hazırda qüvvədə olan tarifə görə 2500 kubdan artıq istifadə 25 qəpikdəndir. Amma 12 qəpikdən olan limit əslində 2500 kub olmalıdır. Digər mərhələ 20 qəpikdən olan limit gəlməlidir, 3000-4000 kubdan sonrakı 25 qəpikdən olmalıdır”.
A. Nəsirli vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanda qazın tariflərinin bu cür tətbiq edilməsinin əleyhinədir: "Azərbaycan xalqına qaz maya dəyərinə satılmalıdır. Elektrik enerjisinə gəldikdə isə bu da eynidir. İstilik elektrik stansiyalarında alınır. Bu istilik elektrik stansiyalarının da böyük əksəriyyətində qazdan istifadə edirlər. Yəni, qaz və elektik eyni mənbədən gələn məhsuldur. Ona görə də bu iki sərvətdən formalaşan xidmət əhaliyə maya dəyərinə verilməlidir. Bununla yanaşı, məsələn, dağ kəndlərinə, bölgələrə qaz, işıq daha ucuz verilməlidir. Su bir qədər də ucuz verilməlidir, internet də həmçinin. Yəni, əhali maraqlı olmalıdır ki, getsin bölgələrdə yaşasın. İnterneti ölkə ərazisində 27 manata qaldırdılar. Ona görə bölgələrdə yaşayan əhalinin yarıdan çoxu artıq internetdən imtina edib. Burada stimul yaratmaq vacibdir”.
Aytac Baxış,
Sitat.info