"BƏƏ gələn ay OPEC-dən (neft ixrac edən ölkələr təşkilatı) çıxmaqla bağlı qərar qəbul edib. Hələlik açıq şəkildə qərarla bağlı tənqidlər olmasa da, bu ilk növbədə siyasi bir addımdır. Qərar daha çox ABŞ-nin, yəni prezident Trampın maraqlarına uyğundur. Çünki OPEC neft ixracını sabit saxlayaraq qiymətlərin daha da düşməsinə mane olurdu, Tramp isə bazara daha çox neft buraxmaqla qiymətlərin aşağı düşməsində maraqlıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu deyib.
O bildirib ki, bu qərar ərəb ölkələri arasında bölünməyə gətirib çıxartdı: "Bu ən çox Səudiyyə Ərəbistanının maraqlarına zərbə hesab olunur. Çünki sirr deyil ki, təşkilatın söz sahibi Krallıq idi. Bu hadisə bir tərəfdən Səudiyyə Ərəbistanı və BƏƏ arasında Yəmən, Sudan, Somaliland mövzusunda fikir ayrılıqları və gərginliyin yeni müstəviyə keçməsidir. Daha bir maraqlı məqam ondan ibarətdir ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanı xarici işlər naziri dedi ki, ABŞ hərbi qüvvələri bizi qoruya bilmədi, yəni dolayısı ilə daha onlara ehtiyacımız yoxdur.
BƏƏ-nin bu addımı faktiki olaraq Körfəzi bölmüş oldu. Görünür ki, Səudiyyə Ərəbistanının Pakistan və Türkiyə ilə hərbi sahədə yaxınlaşması narahatlıq doğurub".
K.Rövşənoğlu qeyd edib ki, regionda yeni konfiqurasiya yaranır: "BƏƏ isə açıq konfrantasiya xətti tutaraq ABŞ və İsrail cəbhəsində yer alır. Belə görünür ki, cəbhələşmə daha da dərinləşəcək. Digər region ölkələri hesabına...".
Nigar,
Sitat.info