Türkiyədə 2025-ci il "Ailə ili" elan edildi

22:52 6 Yanvar 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə keçirilən 2025-ci ilin ilk Nazirlər Kabineti iclasının ardından verdiyi açıqlamada 2025-ci ilin "Ailə İli" elan edildiyini bəyan edib.

Sitat.info xəbər verir ki, Prezidentlik sarayında baş tutan iclasdan sonra mətbuat qarşısına çıxan Ərdoğan, müzakirə olunan məsələlər barədə məlumat verib və "Ailə İli" qərarının əhəmiyyətini vurğulayıb.

Ərdoğan çıxışında deyib:

“Qlobal şər qüvvələrin təşviq etdiyi cinsiyyətsizləşdirmə siyasətləri artıq hamıya məlumdur. LGBT məsələsi bu gün ailə quruluşunun mövcudluğuna yönəlmiş ən ciddi təhlükələrdən biridir. 2023-cü ildə ölkəmizdə doğum göstəriciləri 1,51 səviyyəsinə düşmüşdür. Açıq demək lazımdır ki, bu vəziyyət ciddi siqnaldır və Türkiyə üçün mövcudluq təhdididir. Hər zaman vurğuladığımız ‘ən az üç uşaq’ çağırışının nə qədər vacib olduğunu bir daha görürük. Cəmiyyətin bütün təbəqələrində fərqindəlik yaratmaq məqsədilə 2025-ci ili ‘Ailə İli’ elan etməyə qərar verdik. İl ərzində Ailə və Sosial Xidmətlər Nazirliyimizin koordinasiyası ilə ailə dəyərlərinin qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə sağlam şəkildə ötürülməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirəcəyik”.

Prezident Ərdoğan ailə dəyərlərinin qorunmasının və gücləndirilməsinin Türkiyə üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq, qarşıdan gələn ildə geniş maarifləndirmə və dəstək proqramlarının həyata keçiriləcəyini açıqlayıb. Ailə dəyərlərinə yönəlik bu təşəbbüsün ölkə daxilində böyük dəstək alacağı gözlənilir. 



Xəbər xətti